Prezident Belçikada Xurşudbanu Natəvanın abidəsini ziyarət edib
   
   Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 5-6 fevral tarixində Belçika Krallığında səfərdə olub. 
   Dövlət başçısı və xanımı Mehriban Əliyeva səfərin ilk günü Belçikanın Vaterlo şəhərində görkəmli Azərbaycan şairəsi Xurşudbanu Natəvanın abidəsini ziyarət ediblər.
   Vaterlo şəhərinin meri Florans Röter Azərbaycan Prezidentini və Mehriban xanım Əliyevanı qarşılayıb. Dövlət başçısı və xanımı abidənin önünə gül dəstələri qoyublar.
   Qeyd edək ki, ötən il fevralın 18-də açılışı olan bu abidə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın dəstəyi sayəsində ucaldılıb. Şəhərin mərkəzi parkında ucaldılmış abidə Azərbaycanın Xalq rəssamı Tahir Salahovun rəhbərliyi ilə heykəltəraş İmran Mehdiyev tərəfindən hazırlanıb. Abidənin özülündə Xurşudbanu Natəvanın Qarabağ şahzadəsi olması barədə məlumat var.
   * * * 
   Prezident İlham Əliyev fevralın 6-da Brüsseldə Avropa İttifaqının (Aİ) rəhbər şəxsləri ilə görüşlər keçirib.
   Dövlət başçısı Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk ilə görüşüb. Prezident İlham Əliyev və Donald Tusk mətbuata birgə bəyanatla çıxış ediblər.
   Görüşün əhəmiyyətini qeyd edən Avropa İttifaqı Şurasının prezidenti “müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyimiz Azərbaycan Avropa İttifaqı üçün mühüm tərəfdaşdır”, - deyə bildirib. “Azərbaycan mədəniyyətlər arasında körpü rolunu oynayır. Hazırda qonşuluğumuzda üzləşdiyimiz çağırışları nəzərə alsaq, bu, olduqca təqdirəlayiqdir”, - deyən D.Tusk yeni Avropa İttifaqı-Azərbaycan sazişi ilə bağlı danışıqlara start veriləcəyini məmnunluqla qeyd edib.
   Prezident İlham Əliyev Azərbaycan ilə Aİ arasında yeni saziş üzrə danışıqlara başlanılmasının əhəmiyyətini vurğulayaraq “Bizim aramızdakı əməkdaşlıq çox səmərəlidir, çox səmimidir və böyük potensiala malikdir”, - deyə əlavə edib. 
   Qeyd olunub ki, Aİ Azərbaycan üçün əsas ticarət tərəfdaşıdır. Asiyanı Avropa ilə birləşdirən yeni dəmir yolu marşrutu Avropadan Asiyaya və geriyə malların daşınması vaxtını iki dəfə qısaldacaq.
   Dövlət başçısı daha sonra deyib: “Əməkdaşlığımızın digər vacib sahəsi mədəniyyətlərarası dialoqdur. Bunu qeyd etdiyinə görə cənab prezidentə minnətdaram. Azərbaycan sivilizasiyalar və mədəniyyətlərarası dialoqa böyük sərmayələr yatırır. Biz Avropa Şurasına, eyni zamanda, İslam Əməkdaşlıq Təşkilatına üzv ölkəyik. Biz sivilizasiyalar arasında təbii, coğrafi və mədəni körpüyük. Azərbaycanın insan kapitalına, dinlərarası dialoqa qoyduğu sərmayə bu gün yaxşı nəticələr verir”.