Prezident İlham Əliyev fevralın 7-də görkəmli Azərbaycan bəstəkarı, Xalq artisti, Dövlət mükafatı laureatı Tofiq Quliyevin (1917-2000) 100 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.
   Sərəncamda qeyd olunur ki, Azərbaycan estrada musiqisinin yaradıcılarından biri Tofiq Quliyev özünəməxsus orijinal üsluba malik sənətkar kimi çoxəsrlik milli mədəniyyət salnaməsinə yeni parlaq səhifələr yazmışdır. Onun xalqımızın mədəni sərvətlər xəzinəsini zənginləşdirən və müxtəlif nəsillərə mənsub ifaçıların repertuarında bu gün də geniş yer tutan ayrı-ayrı janrlarda rəngarəng əsərləri insanlarda milli-mənəvi dəyərlərə bağlılıq və yüksək estetik-bədii zövq aşılayır.
   Sərəncamda Mədəniyyət və Turizm Nazirliyinə, Azərbaycan Bəstəkarlar İttifaqının təkliflərini nəzərə almaqla, Tofiq Quliyevin 100 illiyinə həsr edilmiş tədbirlər planını hazırlayıb həyata keçirmək tapşırılıb.
   Dövlət başçısı fevralın 7-də görkəmli bəstəkar Cövdət Hacıyevin (1917-2002) 100 illik yubileyinin keçirilməsi haqqında da sərəncam imzalayıb.
   Sərəncamda vurğulanır ki, SSRİ Dövlət mükafatları laureatı, Xalq artisti, professor Cövdət Hacıyev Azərbaycanın zəngin musiqi mədəniyyəti tarixində şərəfli yer tutmuş böyük şəxsiyyətlərdəndir. Ustad sənətkar ölkəmizdə professional bəstəkarlıq məktəbi üçün yeni musiqiçilər nəslinin hazırlanması sahəsində də təqdirəlayiq fəaliyyət göstərib. 
   Sərəncama əsasən, Mədəniyyət və Turizm Nazirliyi, Bəstəkarlar İttifaqının təklifləri nəzərə alınmaqla, Cövdət Hacıyevin yubileyi ilə bağlı tədbirlər planı hazırlayıb həyata keçirməlidir.