Oğuz rayon Mərkəzi kitabxanasının oxu zalında 2 fevral - Gənclər Günü ilə bağlı “Gənclər zamanın nəbzidir” adlı dəyirmi masa təşkil edilib. Oxuculara xidmət şöbəsinin müdiri N.Manafova, Gənclər və İdman idarəsinin məsul işçisi R.Salehov əlamətdar günün tarixindən və əhəmiyyətindən söz açıblar, kitabxanaçı A.Cəfərovanın məruzəsi dinlənilib. 
   
   Siyəzən rayon Mədəniyyət mərkəzində Gənclər və İdman idarəsi ilə birgə keçirilən “Müasir dövrün gənci” adı altında dəyirmi masada çıxış edən mərkəzin direktoru Ziyadə Dadaşova ölkəmizdə gənclərə göstərilən diqqət və qayğıdan bəhs edib. Rayonun mədəni-kütləvi tədbirlərində yaxından iştirak edən bir qrup gənc fəxri fərmanla təltif olunub.
   
   Yevlax şəhər Mədəniyyət mərkəzinin təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində “Gənclər cəmiyyətin avanqard qüvvəsidir” adlı tədbir keçirilib. “Kür” vokal estrada qrupu və müğənnilər konsert proqramı təqdim ediblər. B.Səfəroğlu adına Xalq teatrının satirik səhnəcikləri maraqla qarşılanıb.
   
   Zaqatala rayon Heydər Əliyev Mərkəzi və Gənclər və İdman idarəsinin birgə təşkilatçılığı ilə “Gənc dövlətin gəncləri” adlı tədbir keçirilib. İdman idarəsinin rəisi Araz Əliyev, akademik Zərifə Əliyeva adına liseyin müəllimi Aytən Məmmədova, Tarix-mədəniyyət qoruğunun direktoru Anar Laçınov və başqaları gənclərlə bağlı dövlət siyasətindən, rayonun qabaqcıl gənclərinin fəaliyyətindən söz açıblar. Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə bir qrup gənci mükafatlandırıb.
   
   Masallı rayon Mədəniyyət mərkəzində keçirilən tədbirdə iştirakçılar əvvəlcə sərgi ilə tanış olub. Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov, Gənclər və İdman İdarəsinin rəisi Camal Manafov çıxış ediblər. Masallı Regional Mədəniyyət və Turizm İdarəsinin tabeliyində olan mədəniyyət ocaqlarının təqdimatında konsert proqramı təqdim olunub.

   Ağcabədidəki Heydər Əliyev Mərkəzində təşkil olunan dəyirmi masada direktor Məhsəti Musa, Ağcabədi Regional Mədəniyyət və Turizm İdarəsinin rəis müavini Vüqar Qədirov çıxış ediblər. Mərkəzin əməkdaşı Behbud Quluzadənin məruzəsi dinlənilib. Çıxışlarda ölkənin etibarlı gələcəyinin təminatının intellektual səviyyəli gənclərin yetişməsindən asılı olduğu vurğulanıb.
   
   Qazax rayon MKS-nin Daş Salahlı 2 saylı, Çaylı, Hüseynbəyli, Aşağı Salahlı kənd kitabxana filiallarında 2 fevral - Gənclər Gününə həsr olunmuş tədbirlər təşkil olunub. Tədbirlərdə əlamətdar gün haqqında məlumat verilib, fəal oxucular gəncliyə həsr olunmuş şeirlər söyləyiblər.
   
   Xaçmaz rayon Mərkəzi kitabxanasının oxu zalında “Müasir gənclər və mütaliə” mövzusunda oxucu konfransı keçirilib. MKS-nin direktoru Azad Əlifxanov, Gənclər kitabxanasının müdiri Xanım Arzumanova və başqaları çıxış edərək gənclərin mütaliəyə, kitaba münasibətindən söz açıblar. Sonda sərgiyə baxış olub. 
   
   Neftçala rayon Mərkəzi kitabxananın Uşaq şöbəsinin təşkilatçılığı ilə M.Səfərov adına İnteqrasiya təlimli internat tipli gimnaziyada “Gələcək gənclərindir” adlı informasiya günü keçirilib.