Əməkdar mədəniyyət işçisi, kino və televiziya rejissoru Rafiq Dadaşov fevralın 5-də dünyasını dəyişib. Bu barədə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasından məlumat verilib.
   Rafiq Ağahüseyn oğlu Dadaşov 20 iyul 1946-cı ildə Bakıda anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Teatrşünaslıq fakültəsini (qiyabi) bitirib. Moskvada Dövlət Kino Komitəsinin nəzdində Ali ikiillik kinorejissor və ssenarist kurslarında (1969-1971) oxuyub.
   1964-cü ildən C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında rejissor köməkçisi kimi işə başlayıb. Bir sıra filmlərin ikinci rejissoru olub: “Dantenin yubileyi”, “Yol əhvalatı”, “Ötən ilin son gecəsi”, “Qəm pəncərəsi”, “Qətl günü” və s. Həmçinin 1995-ci ildən fasilələrlə Azərbaycan Televiziya və Radiosunda “Sabah” yaradıcılıq studiyasında, "Aztelefilm" birliyində çalışıb, sənədli filmlər çəkib. 
   2016-cı ildə Azərbaycan kinematoqrafiyasının inkişafında xidmətlərinə görə Əməkdar mədəniyyət işçisi fəxri adına layiq görülüb.
   Rafiq Dadaşov Bakıda dəfn olunub.
   Allah rəhmət eləsin.