Fevralın 15-dən Nizami Kino Mərkəzində “Ər quyusu” tammetrajlı bədii filminin nümayişi başlanacaq. Yazıçı Səidə Haqverdiyevanın “Qara qızın qara bəxti” hekayəsinin motivləri əsasında lentə alınan film ailə-məişət mövzusundadır.
   Ssenari müəllifi və quruluşçu rejissoru S.Haqverdiyeva, quruluşçu operatoru Rəşad Qarayev, bəstəkarı Vüqar Camalzadə, quruluşçu rəssamı İqbal Əliyev olan ekran əsəri komik hadisələrlə zəngindir. 
   Rolları Sevinc Sarıyeva, Aybəniz Bağırova, Ülviyyə Əliyeva, Məhərrəm Qurbanov, Cavid Telman, Rəsmiyyə Nurməmmədova, Könül Şahbazova, Elnur Əliyev, Elxan İsmayılov, Zemfira Əbdülsəmədova, Hüsniyyə Əhmədova, Vüsal Hüseynov və Gülnarə Abdullayeva ifa edirlər. 
   Filmdə ötən əsrin 90-cı illərinin həyat tərzi, qızların ərə getməməsi və ailələrdə bu səbəbdən qabaran mənəvi-psixoloji problemlərə toxunulur. Altı qızı olan və oğul övladı dünyaya gətirmək üçün ümidini falçılara bağlayan ananın, qızları ərə getmədiyinə görə həmkəndlilərinin məsxərə obyektinə çevrilən atanın dramı sarkazmla ekrana gətirilir. Ekran əsərinin çəkilişləri Tərtər, Cəlilabad, Şamaxı və Bakıda aparılıb.
   
   Lalə