Fevralın 18-də Akademik Opera və Balet Teatrında rus bəstəkarı Aleksandr Borodinin "Qıpçaq rəqsləri" baletinin premyerası keçiriləcək. 
   "Qıpçaq rəqsləri"nin musiqi materialı bəstəkarın "Knyaz İqor" operasının tərkib hissəsidir. A.Borodin bu operanı 18 il ərzində yazıb və tam olaraq bitirə bilməyib. 
   Qıpçaq rəqsləri hissəsini isə bəstəkar 1875-ci ilin yayında Moskvada istirahət edərkən yaradıb. Borodinin məktublarında qeyd olunurdu ki, həmin ilin payızında musiqi dərnəyində səhnəyə qoyulan tamaşa dostları tərəfindən böyük rəğbətlə qarşılanıb.
   Borodinin ölümündən sonra "Knyaz İqor" operasını onun musiqi materialları əsasında rus bəstəkarları Qlazunov tamamlayıb, N.Rimski-Korsakov isə klavirin böyük hissəsini orkestr üçün işləyib. 
   1890-cı il oktyabrın 23-də Peterburqun Mariinski Teatrında "Knyaz İqor" operasının premyerası keçirilib. "Qıpçaq rəqsləri"nə L.İvanov tərəfindən quruluş verilmiş və bu rəqslər tamaşaçılarda dərin təəssürat yaratmışdı.
   Sonralar "Qıpçaq rəqsləri" müstəqil balet tamaşası kimi dünyanın müxtəlif teatrlarında səhnəyə qoyulub.
   Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında "Qıpçaq rəqsləri" baleti Sankt-Peterburqun Mixaylovski Opera və Balet Teatrının xoreoqrafı, Rusiyanın Əməkdar artisti Sergey Moxnaçovun quruluşunda səhnəyə qoyulub. Tamaşanın səhnə tərtibatçısı Xalq rəssamı Rafiz İsmayılov, dirijoru Xalq artisti, professor Yalçın Adıgözəlovdur. Kütləvi səhnələrlə zəngin olan tamaşada balet truppasının bütün artistləri iştirak edəcəklər.