Fevralın 7-də Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun (1988-2010) doğum günü münasibətilə İsmayıllı rayonundakı Uşaq-gənclər kitabxanasında xatirə tədbiri keçirilib. Yeniyetmə və gənclərin, ziyalıların iştirak etdiyi tədbirdə Milli Qəhrəmanın qısa, lakin şanlı həyat yolu barədə danışılıb. Qeyd olunub ki, 2010-cu il iyunun 18-də 22 yaşlı bu gənc minalanan sahəni gecə təkbaşına keçərək düşmənin çoxlu sayda canlı qüvvəsini məhv edib, ağır döyüşdən sonra şəhid olub.
   Tədbirdə Milli Qəhrəmana həsr edilən film nümayiş olunub. Şəhər 3 saylı məktəb-liseyin və 6 saylı tam orta məktəbin şagirdlərinin hazırladığı ədəbi-bədii kompozisiya nümayiş etdirilib.
   * * *
   Milli Qəhrəman Mübariz İbrahimovun doğum günü Zərdab rayon Mərkəzi kitabxanasında da qeyd olunub. Oxu zalının müdiri Samirə Yəhyayeva məktəblilərə “Bir gün Mübarizə dönəcək hamı” adlı məruzə oxuyub. Qeyd edib ki, xalqımızın tarixi qəhrəmanlıq səhifələri ilə zəngindir. Azərbaycan gəncliyinə örnək olan, şöhrət gətirən Mübariz mübarək adını ulu bir xalqın qəhrəmanlıq tarixinə öz rəşadəti və qanı ilə yazıb.
   Uşaqlar “Torpağı Vətən eyləyən oğullar” başlıqlı sərgi ilə tanış olublar.