Vergilər Nazirliyinin Kollegiyası ticarət festivalları dövründə əlavə dəyər vergisinin (ƏDV) qaytarılması şərti ilə satış həyata keçirmək üçün vergi ödəyicilərinin qeydiyyatının aparılması qaydasını təsdiq edib.
   Sənədə əsasən, bu hüququ almaq üçün satıcı ƏDV ödəyicisi kimi qeydiyyatdan keçməli, pərakəndə ticarət fəaliyyəti ilə məşğul olmalı, nəzarət-kassa aparatına və işlək POS-terminala malik olmalı, vergilərlə bağlı dövlət büdcəsinə borcu və digər öhdəliyi olmamalıdır. 
   Qeyd edək ki, “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”ndə Bakı şəhərində ticarət festivallarının (shopping festival) təşkili nəzərdə tutulub. İl ərzində bir neçə dəfə nəzərdə tutulan bu festivalların birincisinin qarşıdakı yaz aylarında təşkil olunması planlaşdırılır.