Ölkəmizdə yaşayan xalqların rəqsləri nümayiş olunub
   
   Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (“Asan xidmət”) birgə təşkilatçılığı ilə gerçəkləşən “Gəncliyin səsi” festivalı çərçivəsində Bakı Xoreoqrafiya Akademiyası rəqs-tamaşa təqdim edib.
   Akademiyanın mətbuat xidmətindən verilən məlumata görə, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında təqdim olunan “Azərbaycan - yurdum mənim” adlı rəqs-tamaşada 16 rəqs yer alıb. Proqram Azərbaycanda yaşayan bir çox xalqların rəqslərini, o cümlədən “Sarı gəlin”, “Cəngi”, “Qazağı”, “Uzundərə”, “Qaytağı”, “Şalı-şalı”, “Dili-dili”, “Yəhudi rəqsi”, “Malakan rəqsi”, “Yüz bir”, “Heyvagülü”, “Köçəri yallısı” kimi nümunələr nümayiş olunub.
   Tamaşanın müəllim-xoreoqrafları Bakı Xoreoqrafiya Akademiyasının müəllimləri - Kamilə Əliyeva, əməkdar artistlər Səbinə Qasımova, Sənan Hüseynli, Xalq artisti, Prezident mükafatçısı Yusif Qasımovdur. Rəqs-tamaşada Bakı Xoreoqrafiya Akademiyasının tam orta, orta ixtisas, bakalavr və magistratura pillələrinin şagird və tələbələri iştirak edib.