Alimlərimiz Özbəkistanda beynəlxalq konfransda iştirak ediblər
   
   Özbəkistanın Nəvai şəhərində “Əlişir Nəvai irsinin dünya mədəniyyətindəki yeri” adlı beynəlxalq konfrans keçirilib.
   Tədbirdə Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Macarıstan və Əfqanıstandan olan alimlər iştirak ediblər.
   Konfransı Özbəkistan Yazıçılar İttifaqının sədri Məhəmməd Əli açaraq Əlişir Nəvainin həyatı və yaradıcılığı haqqında məlumat verib. Tədbirdə “Əlişir Nəvai yaradıcılığında dini etiqad məsələləri”, “Nəvai yaradıcılığı və Quran motivləri”, “Azərbaycan ədəbiyyatşünaslığında Nəvai yaradıcılığına bir nəzər” və digər mövzularda məruzələr dinlənilib.
   Konfransın plenar iclasında azərbaycanlı professor Almaz Ülvinin “Nəvai irsi Azərbaycan elmi-nəzəri fikrində” mövzusunda məruzəsi maraqla qarşılanıb. Bölmələr üzrə iclasda o, “Əlişir Nəvai və Azərbaycan” mövzusunda çıxış edib.
   Konfrans materiallarının toplandığı kitabda AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəylinin, professorlar Ataəmi Mirzəyev, Mahirə Quliyeva və dosent Zəhra Allahverdiyevanın elmi məqalələri də çap olunub.