Son günlər əcnəbi ovçu turistlərin ölkə ərazisində ov edərkən qeyri-etik davranışlar nümayiş etdirmələri və qanunları pozmaları barədə KİV və sosial şəbəkələrdə yayılan məlumatlar Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) müvafiq qurumlarında təhlil edilib.
   Nazirlikdən verilən məlumata görə, payız-qış aylarında Azərbaycan ovçularına və xarici ölkələrdən gələn ovçu turistlərə xidmət göstərən Azərbaycan şirkətlərinə, müraciət əsasında qanunvericilik çərçivəsində kvota ayrılır. Həmçinin beynəlxalq öhdəliklərdən, ölkəmizin qoşulduğu konvensiyalardan irəli gələrək, o cümlədən Nazirlər Kabinetinin 2004-cü il 30 sentyabr tarixli qərarı ilə əcnəbilərə və vətəndaşlığı olmayanlara ov icazəsi verilməsi təsbit olunub.
   Təhlillər göstərir ki, görüntülərdə əks olunan heyvan və quşların içərisində Azərbaycanın “Qırmızı kitab”ına düşən növlər yoxdur. Mövcud normativlərə əsasən yerli ovçulara 1 ov günü müddətinə 6-dək, xarici vətəndaşlara 5 ov günü müddətinə 10-dək su-bataqlıq quşunun, dovşanın isə yerli ovçulara 1 baş, xarici ovçulara 2 baş ovuna icazə verilir. Xarici turist ovçular əksər hallarda qrup halında ov edir və yekunda ov qənimətlərinin toplum halında şəklini yayır. Bu baxımdan inzibati ölçü götürülməsi üçün ciddi araşdırma aparılması tələb olunur.
   Eyni zamanda ov təşkil edən şirkətlərin də fəaliyyəti təhlil olunur. Artıq turizm şirkətlərinə xəbərdarlıq edilib ki, gələn ovçu turistləri əvvəlcədən təlimatlandırsınlar. Ovçuluq etikasına uyğun gəlməyən, ölkə qanunlarını pozan ovçu-turistlərin gətirilməsi faktları aşkar olunduğu təqdirdə həmin şirkətlərlə əməkdaşlıq dayandırılacaq. Qeyd olunur ki, təkcə bu ov mövsümündə ərəb ölkələrindən gələn 16 ovçu-turist ölkənin ov qanunlarını pozduqlarına görə cərimələnib.