Fevralın 11-də “Kitabevim.az” kitab mağazasında gənc yazar Pərviz Seyidlinin “Pişik qız” kitabının və fotosərgisinin təqdimatı keçirildi. 
   Təqdimatda çıxış edən Yazıçılar Birliyinin katibi İlqar Fəhmi gənc müəllifin yaradıcılığından söz açdı. Bildirdi ki, onun özünəməxsus dünyagörüşü Azərbaycan gəncinin bugünkü ədəbi mühitdə rolunu ifadə edir. Hekayə və şeirləri mütəmadi olaraq “Ulduz” və “Azərbaycan” jurnallarında çap edilir. 
   Milli Konservatoriyanın prorektoru Lalə Hüseynova Pərviz Seyidlini həm də zövqlü musiqi duyumuna malik gənc rejissor kimi yüksək dəyərləndirdi, ona gələcək işlərində uğurlar arzuladı. 
   Tənqidçi Əsəd Cahangir, fəlsəfə doktoru Mail Yaqub, rejissor Yaşar Əhməd və digərləri “Pişik qız” romanındakı obrazlar, əsərin bədii məziyyətləri haqqında danışdılar. Sonda müəllif tədbirə qatılan hər kəsə təşəkkürünü bildirdi. 
   Qeyd edək ki, Pərviz Seyidli Mədəniyyət və İncəsənət Universitetinin Rejissorluq fakültəsini bitirib. Bir neçə qısametrajlı film çəkib, “Dəfnə ağaçı” və “Sən olmasaydın. Qisas” seriallarının ssenari müəllifidir. “Maraqlı fiqur və yaxud siçan qadın” hekayəsi əsasında Əməkdar artist Vidadi Həsənovun quruluşunda tamaşa hazırlanıb. “Pişik qız” romanı universitet tələbələrinin xaotik həyat tərzi və başlarına gələn hadisələrdən bəhs edir. Təqdimatda sərgilənən fotolar isə obrazların prototipləri idi. 
   
   Lalə Azəri