Həyətin taxta qapısı açıldı və Baladadaş hər əlində içi su ilə dolu bir vedrə hıqqana-hıqqana gəlib dayandı həyətin ortasında.
   - Şollar suyudur, - dedi. - Gətirdim sizinçün, işlədəsüz.
   Sevilin anası arxadan onu səslədi:
   - Doğrudan Şollar suyudu?
   Baladadaş ayaq saxlayıb kök arvada sarı çevrildi, onu inandırmaq üçün sidq-ürəkdən and içdi:
   - Kepkam haqqı Şollar suyudu, inanmırsuz?
   
   Xalq yazıçısı Elçinin “Baladadaşın ilk məhəbbəti” hekayəsini oxuyanlar bu parçanı xatırlayarlar. Kepkasına and içən qəhrəmanın gətirdiyi suyun Şollar suyu olmadığı elə bu dialoqdan anlaşılır. Bəs biz niyə onu xatırladıq? Çünki bu “kepkalı and” epizodu, əslində, Şollar suyunun həmin hekayənin yazıldığı 70-ci illərdə (eləcə də ondan öncə və sonra) necə dəyərdə olduğunu göstərir. Tam yüz ildir ki, bu sudan istifadə edən Bakı əhalisi onun qədir-qiymətini bilir...
   * * *
   Dəniz sahilindəki Bakı su sarıdan çox korluq çəkib. Çünki bulaqlardan, çaylardan uzaq olub. Düzdür, XIX əsrin ikinci yarısınadək 5-10 min nəfər əhalisi olan Bakıda suya tələbat böyük deyildi. XVIII əsrdə çəkilən Məhəmmədəli xan və Hüseynqulu xan kəmərləri, həyətlərdəki quyular tələbatı ödəyirdi. Su ilə ticarət edən demək olar ki, yox idi. 1832-ci ildə çar idarəsi tərəfindən tutulan ilk kameral siyahıda şəhərdəki ticarətçilər arasında bir su satıcısı qeydə alınmışdı (Mənbə: Fuad Tağıyev. XIX əsrin birinci yarısında Bakı şəhərinin tarixi. Bakı, 1999. s. 75).
   1859-cu ildə Şamaxıdakı zəlzələdən sonra çar II Aleksandrın fərmanı ilə quberniya mərkəzi Bakıya köçürülür. 70-ci illərdə neft sənayesinin yüksəlişi başlanır, Bakıya minlərlə insan gəlir və su çatışmazlığı ciddi çətinliklər yaradır. O dövrdə çəkilən Zuğulba kəməri (sutkada 45 min vedrə) də vəziyyəti dəyişmir.
   1878-ci ildə formalaşan Bakı Dumasında Su təchizatı komissiyasına neft sahibkarı Hacı Zeynalabdin Tağıyev rəhbərlik edirdi. 1879-cu il yanvarın 11-də keçirilən ilk iclasda o, yeni su kəməri layihəsi üçün 1000 rubl ayırır. Bu yöndə müzakirələr uzanır, iki ildən sonra Duma Tağıyevin təklifi ilə müsabiqə elan edir. Sonrakı 10 ildə Kür, Samur çayları, Zuğulba, Altıağac və s. mənbələrdən kəmər çəkmək üçün layihələr təklif olunsa da, böyük xərc tələb etdiyindən Duma onların heç birini təsdiq etmir. Həsən bəy Zərdabi “Kaspi” qəzetində yazırdı: “Hər dörd ildən bir, Dumanın tərkibi yeniləşdikcə içməli su məsələsi gündəmə gəlir, qızğın müzakirə olunur... və sonda məsələ arxivə verilir...”. 
   Neft bumu yaşayan Bakıya gələnlər də acınacaqlı mənzərədən təsirlənirdi. 1896-cı ildə rus yazıçısı M.Qorki “yüz milyonlarla pud neftin çıxarıldığı” şəhərdə əhalinin sudan əziyyət çəkməsinin “ürəksıxıcı” olduğunu yazmışdı. Düzdür, 30 il sonra Bakıya gələn yazıçı gördüklərini ruh yüksəkliyi ilə təsvir etmişdi: “Evlərin həyətlərində yaşıllıq, su kəməri... - hər şey mədəni şəraitdən xəbər verir” (L.Bretanistki. Bakı. 2-ci nəşr. Leninqrad, 1970. s. 40). Amma bu, Şollar suyunun çəkilməsindən sonra baş verəcəkdi...
   * * *
   1897-ci il siyahıyaalmasında əhalisi 112 minə çatan şəhərdə 132 su ticarətçisi qeydə alınmışdı. Yeni kəmərin çəkilməsini əngəlləyən də onlar idi. Erməni sahibkarlardan Adamov şəxsi quyularından “Fantaziya” hamamını, şəhər sallaqxanasını və s. su ilə təmin edirdi, M.Saruxanov gəmi və qatarla gətirilən Kür suyunu nəzarətə götürmüşdü. 1893-cü ildə “Artur Keppel” şirkəti dəniz suyunu duzdan təmizləyən qurğu (sutkada 30 min vedrə) istifadəyə verdi və o, beş il istismarda oldu. Sonra ikinci qurğu (sutkada 50 min vedrə) işə salındı. Amma bunlar tələbatı ödəməyə yetərli deyildi.
   Dumada xaricdən mütəxəssis dəvət olunması qərara alınır. 1898-ci ildə Odessada keçirilən Ümumrusiya su mühəndislərinin qurultayına nümayəndə göndərilən Smolenski orada tanınmış ingilis mühəndisi Uilyam Lindleylə görüşür və onu Bakıya dəvət edir. 1899-cu ildə Bakıya gələn Lindley müxtəlif yerləri nəzərdən keçirir. Şahdağ ətrafında bulaqları tədqiq edir və burada suyun keyfiyyətli və yeraltı mənbələr baxımdan zəngin olduğu qənaətinə gəlir. Bakıya qayıdaraq Şollar kəndi (Xaçmaz rayonu) ərazisində sınaq quyusu qazılmasını təklif edir. Onun bu iş üçün 25 min rubl istəməsi Şəhər idarəsində etiraz doğurur. Tağıyev lazım olan vəsaiti ayıracağını deyir. Yazıçı Manaf Süleymanov “Eşitdiklərim, oxuduqlarım, gördüklərim” kitabında bu hadisəni belə təsvir edir: “Hacı bələdiyyə idarəsinə deyir ki, su tapılandan sonra pulumu versəniz yaxşı, verməsəniz də eybi yoxdur. Su mənbəyi ilə bağlı şübhə edənlərə isə deyir ki, Şahdağ öz qarı və buzlaqları ilə əbədi olduğu kimi, Şolların çeşməsinin suyu da əbədidir”. 
   Lindley sınaq quyusunu qazdıqdan sonra Şəhər idarəsi Hacının 25 minini ona qaytarır. 1902-ci ildə su kəməri üçün 182 min rubl ayrılır. 1903-cü ilin noyabrında Lindleylə, 1904-ün əvvəllərində quyuların qazılması üçün bir fransız şirkəti ilə müqavilə imzalanır. Amma şirkət quyuları vaxtında qazıb təhvil verə bilmir, əlavə xərclər artır. Şəhər idarəsi müqavilələri pozur, Lindley Bakıdan gedir. 
   * * *
   1907-ci il seçkilərində azərbaycanlı üzvlər ilk dəfə Dumada çoxluğa (80 yerdən 47-si) sahib olurlar. Su komissiyasında 17 üzvdən 7-si azərbaycanlı idi. Tağıyevin təklifi ilə Berlinə ezam olunan komissiya üzvü Mirzə Əsədullayev Lindleylə görüşərək onu yenidən Bakıya dəvət edir. Bakıya gələn Lindley şəhərin yeni başçısı Nikolay Rayevskidən tam dəstək alır. Duma Rayevskini bu vəzifəyə Hacının təklifi ilə seçmiş və ona sələfindən xeyli çox (20 min rubl) maaş təyin edilmişdi. Rayevski Şollar layihəsi üçün əlindən gələni əsirgəmədi.
   1909-cu il mayın 5-də Bakı Duması kəmərlə bağlı sərəncam imzalayır. Layihənin maliyyəsi üçün istiqraz buraxılması xahişi ilə Peterburqa müraciət olunur. Çar II Nikolayın 6 oktyabr 1909-cu il tarixli fərmanı ilə 27 milyon rubldan çox olmamaq şərtilə istiqraz buraxılmasına icazə verilir.
   1910-cu ilin martında tikintinin baş mühəndisi kimi Lindley ilə müqavilə bağlanır. Layihə sutkada 3 milyon vedrə gücündə nəzərdə tutulmuşdu. 187 km uzunluğunda kəmərin keçəcəyi torpaqların sahibləri ilə müqavilələrin bağlanması bir il sürür. 1911-ci ilin fevralında podratçı kimi İngiltərənin “Qriffits” şirkəti ilə müqavilə imzalanır. İşlər 36 aya qurtarmalı idi. Xaçmazda beton boru istehsalı zavodu qurulur. 1912-ci ilin martında kəmərin çəkilməsi başlanır. 1913-cü ilin yayında iki tunelin (Biləcəri və Ataçay) tikintisi başa çatdırılır. Sumqayıt yaxınlığında nasos stansiyasının, su anbarının inşası başlanır, Bakıda su xətti şəbəkəsi üçün çuqun borular sifariş edilir.
   Bununla belə, işlər uzanır, 1914-cü ildə I Dünya müharibəsinin başlanması ilə Avropada sifariş edilən avadanlıqlar bahalaşır. 1915-ci ildə Lindley davamlı gedib-gəldiyi Bakıya köçür və işlər bitənədək burada qalır. İlin sonunda vəsait tükənir və daha 8 milyon rubl üçün müraciət edilir. Lindleyin əleyhdarları buna qarşı çıxsa da, şəhərin yeni başçısı Luka Bıç vəsaiti almağa nail olur.
   Yaranmış şəraitdə Lindley layihəyə dəyişikliklər edir, quyuların sayı 13-dən 9-a endirilir. Nasos stansiyası üçün Almaniyadan alınması planlanan 600 at gücündə mühərriklər əvəzinə Vyanadan 200 at gücündə mühərriklər gətirilir. Bu, su nəqli həcminin üç dəfə azalması demək olsa da, işləri uzatmaqdan daha məqbul idi. Sonrakı hadisələr (1917-ci ildə çar hakimiyyətinin devrilməsi və inqilablar xaosu) bunun doğru qərar olduğunu göstərdi. Bu müddətdə Tağıyev də kəmərin inşası ilə daim maraqlanır, inşaat yerinə gedir, usta və fəhlələrə mükafat verirdi.
   * * *
   1916-cı ilin sonunda işlər yekunlaşır. 1917-ci il yanvarın 22-də Şollar suyu şəhərdəki su anbarına vurulur. Kəmərin açılış mərasimi fevralın 18-də “Naxır bulağı”nın üstündə keçirilir. Manaf Süleymanovun “Hacı Zeynalabdin Tağıyev” kitabında oxuyuruq: “Qazı Mir Məhəmməd Kərim əlində Quran sözə başladı, dua oxudu və Hacıya kranı birinci açmağı təklif etdi. Hacı yanında dayanmış dəmirçi, kəmər çəkilişində çox zəhmət sərf etmiş Ağagavənin əlindən tutub bir yerdə kranı açdılar... Şəhər camaatının sevincini təsəvvür etmək çətin idi. Bütün məhəllələrdə qurban kəsildi, süfrələr açıldı...” 
   Şollar-Bakı xətti o dövrdə Avropada ən böyük su kəməri idi. Baxmayaraq ki, layihə gücü (saniyədə 1,27 kubmetr) 30-cu illərdə əlavə quyuların qazılması, nasos stansiyasının gücünün 3 dəfə artırılmasından sonra təmin olunmuşdu. Bu, eyni zamanda dövrün unikal mühəndislik layihəsi idi. Ellipsoid formalı beton borular (hündürlüyü 1,7, eni 1,2 metr) özüaxımlığı təmin etmək üçün relyefdən asılı olaraq bəzi yerlərdə 2, bəzi yerlərdə 8 metr dərinlikdə yerləşir. Su Tağıyev qəsəbəsindəki nasosxanaya qədər özü axır. 
   Lindley Bakını tərk etməzdən öncə etiraf etmişdi ki, Avropanın 35 şəhərində layihələr həyata keçirsə də, Şollar kəməri kimi texniki baxımdan mürəkkəb işi olmamışdı. Bu işin müqabilində Bakı Duması tərəfindən ona 200 min rubl mükafat verilir, Qafqaz dəmir yolundan ömürlük istifadə üçün xüsusi jeton hədiyyə olunur. Lindley ondan bir dəfə, 1917-ci ilin sentyabrında Bakıdan gedərkən istifadə etdi, dekabrda Londonda dünyasını dəyişdi.
   * * *
   Lindleyin layihəsi gələcəkdə yeni xətlərin tikintisini də nəzərdə tuturdu. Bu işlər sovet dövründə reallaşdı. 1934-cü ildə mənbəyini Xaçmaz rayonu ərazisindən götürən II Bakı su kəmərinin tikintisi başlandı, müharibə ilə əlaqədar yarımçıq qalan inşaat 1958-ci ildə tamamlandı. Məhsuldarlığı Şollar kəmərindən iki dəfə çox olan bu kəmər də artezian quyuları və bulaq sularından qidalanır və nasos stansiyasına qədər özüaxımlıdır. 70-80-ci illərdə əhalisi milyona çatan Bakının su şəbəkəsi Kür su kəmərləri sistemi ilə daha da genişləndi. O zaman ideya olaraq baxılan Oğuz-Qəbələ-Bakı layihəsi isə müstəqillik dövründə (2007-2010) reallaşdı. Əlamətdar faktdır ki, paytaxtın ən böyük (saniyədə 5 kubmetr) su kəməri də mühəndis Lindleyin çəkdiyi kəmərin “yolu ilə” gedir, 262 km uzunluğunda boruda su özüaxımlı rejimdə nəql edilir.
   ...2014-cü ilin aprelində Uilyam Lindley nəslinin nümayəndələri Azərbaycana gəlmişdi. Onlarla görüşən “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov məşhur mühəndisin Bakının su təchizatı tarixində böyük xidmətlərini qeyd edərək demişdi: “Belə unikal layihənin reallaşması U.Lindleyin dövrünün peşəkar mütəxəssisi olduğunu təsdiqləyir. Hazırda Azərbaycanda genişmiqyaslı su layihələri həyata keçirilir. Onların keyfiyyətli icrasını təmin etmək üçün podratçı təşkilatlara Şollar layihəsini nümunə göstəririk”. 
   
   P.S. Yazı üzərində işləyərkən internetdə 1925-ci ildə Bakıda keçirilən I Ümumittifaq su kəməri və sanitar-texniki qurultayının materiallarına rast gəldim. Rusiya “Elmi elektron kitabxanası”nda (elibrary.ru) saxlanılan bu materiallar, əslində, ayrıca tədqiqat mövzusudur. Həmin qurultayın bir günü (26 aprel) bütünlüklə Şollar kəmərinə - layihənin mühəndislik, inşaat texnikası özəllikləri, qrunt suları və duzlu süxurların beton boruya təsirinin qarşısının alınması və s. həsr olunub. 
   14-18 martda “Azərsu” ASC-nin keçirəcəyi I Bakı Beynəlxalq Su Həftəsi çərçivəsində də Şollar kəmərinə həsr edilmiş beynəlxalq konfrans təşkil olunacaq. Yüz il sonra Şollar layihəsi yenə elm və mühəndisliyin diqqət mərkəzindədir... 
   
   Vüqar Əliyev 
   
   Yazı "Azərsu” Açıq Səhmdar Cəmiyyəti və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim olunur