Fevralın 10-da Bakı Oksford Məktəbində (Baku Oxford School) “Aprel döyüşləri”ndə - 2016-cı ilin 1-4 aprel tarixində Qarabağ cəbhəsində Azərbaycan Ordusunun işğalçı qüvvələrə qarşı keçirdiyi uğurlu əks-hücum əməliyyatı zamanı qəhrəmancasına həlak olmuş polkovnik-leytenant Raquf İbrahim oğlu Orucovun həyat və döyüş yolundan bəhs edən “Murov qartalı” kitabının təqdimat mərasimi keçirilib. 
   Mərasimdə rəsmilər, millət vəkilləri Rövşən Rzayev, Bəxtiyar Sadıqov, Bəxtiyar Əliyev, Fuad Muradov, Qənirə Paşayeva, Adil Əliyev, ictimaiyyət nümayəndələri, veteran hərbçilər, şəhid zabitin silahdaşları iştirak ediblər.
   “ASAN Radio”nun rəhbəri, vaxtilə Murovdağda R.Orucovun komandir olduğu hərbi hissədə xidmət etmiş Emin Musəvinin aparıcılığı ilə keçirilən mərasimdə şagirdlər şəhidlərə həsr olunmuş şeir və mahnılardan ibarət maraqlı kompozisiya təqdim ediblər.
   Bakı Oksford Məktəbinin təsisçisi Mehriban Məmmədova tədbirin təşkilinin gənc nəslin Vətənə məhəbbət ruhunda tərbiyə edilməsində mühüm rol oynayacağını bildirib, şəhid polkovnik-leytenantın övladının bu məktəbdə təhsil almasını qürurverici bir hal kimi səciyyələndirib.
   Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili - ombudsman Elmira Süleymanova, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova “Aprel döyüşləri”nin ordumuzun gücünü bir daha dünyaya nümayiş etdirdiyini, R.Orucovun və silahdaşlarının qəhrəmanlığının heç vaxt unudulmayacağını vurğulayıblar.
   Milli Məclisin deputatı Qənirə Paşayeva Raquf Orucovu yaxından tanıdığını, cəbhə xəttində onunla bir neçə dəfə həmsöhbət olduğunu duyğulu ifadələrlə yada salıb, şəhid komandir haqqında kitabın nəşrini yüksək qiymətləndirib.
   Mərasimdə millət vəkili Bəxtiyar Sadıqov, Ağdam Rayon İcra Hakimiyyəti başçısının müavini Arzu Rəhimova, tanınmış idmançılar İlham Zəkiyev və Fariz Məmmədov çıxış edərək, Raquf Orucovun igidliyinin və döyüş yolunun gənclər üçün bir örnək olduğunu bildiriblər.
   Kitabın müəllif və tərtibçiləri - jurnalistlər Elşən Əliyev və Elxan Salahov nəşrin ərsəyə gəlməsindən söz açıblar. Bildirilib ki, kitab “Azİmport” MMC-nin dəstəyi ilə nəşr olunub, şirkətin icraçı direktoru, istefada olan zabit İlham Əhmədov kitabın yazılmasında, Raquf Orucovun silahdaşları ilə görüşlərin təşkilində köməyini əsirgəməyib.
   “Azİmport” MMC-nin mətbuat xidmətinin rəhbəri, Əməkdar mədəniyyət işçisi Xanlar Məmmədov “Murov qartalı” kitabının “Aprel döyüşləri”nin qəhrəmanları haqqında ilk irihəcmli nəşr olduğunu vurğulayaraq, gələcəkdə Raquf Orucov və digər şəhidlərimiz haqqında daha sanballı əsərlərin yaradılacağına əminliyini ifadə edib.
   Sonda şəhid polkovnik-leytenant Raquf Orucovun həyat yoldaşı Sevinc xanım təsirli çıxışı ilə mərasim iştirakçılarına kövrək duyğular yaşadıb, kitabın nəşrində əməyi keçənlərə, tədbirin təşkilatçılarına təşəkkür edib.