Tanınmış vokal ifaçısı Svetlana Mirzəyeva Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin F.Əmirov adına 6 nömrəli 11 illik Uşaq incəsənət məktəbinin şagirdləri üçün ustad dərsi keçib. Ustad dərsi Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında təşkil olunub. Baş idarədən bildirilib ki, ustad dərsində vokal ifaçılığı tarixindən, üslub xüsusiyyətlərindən, oxuma tərzindən və vokal ifaçılığında ola bilən ümumi problemlərdən danışan Svetlana Mirzəyeva daha sonra hər bir şagirdlə fərdi şəkildə məşğul olub. Şagirdlərə düzgün nəfəs texnikası, səhnə duruşu, frazaların düzgün bölünməsi, kantilena oxuma, mətnə fikir vermək, artikulyasiya problemlərinin aradan qaldırılması və səsin düzgün yönləndirilməsi izah edilib.
   Sonda şagirdlərin hazırladıqları əsərlər nümayiş olunub və hər bir əsər üzərində bəhs edilən mövzular tətbiq edilib.