Bu gün dünyanın əksər ölkələrindən Azərbaycana turistlər gəlir. Amma prioritet bazarlar çox vaxt qonşu ölkələr olur. Çünki bu, səyahət etmək üçün daha az vaxt və vəsait tələb edir. Müvafiq ölkə ilə birbaşa hava əlaqəsinin (xüsusilə aşağı büdcəli) olması, ölkənin daxili siyasi vəziyyəti, dil baryeri də bir çox turistlərin istiqamət seçimi zamanı nəzərə aldığı amillərdəndir. 
   Ölkəyə giriş-çıxışı təmin edən mürəkkəb viza rejiminin xüsusiyyətləri, eləcə də ciddi sərhəd-buraxılış rejimi müasir dünyada turizmin inkişafına təsir göstərən əsas maneələrdən biri hesab olunur. Elə bu baxımdan prioritet ölkələr kateqoriyası üçün, ilk növbədə, ya ölkəyə vizasız daxil olma, ya da sadələşdirilmiş viza rejimi tətbiq olunur.
   Bu prinsipləri nəzərə alan ölkəmizdə də bu sahədə bir sıra uğurlu addımlar atılıb. Bir sıra ölkələrin (MDB) vətəndaşları Azərbaycana vizasız, yaxud sadələşdirilmiş viza əldə etməklə səfər edə bilirlər. “ASAN viza” sisteminin tətbiqi isə, ümumiyyətlə, ölkəmizə elektron viza alınmasını 3 gündə mümkün edir.
   
   Əsas hədəf ölkələri
   
   “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”ində ölkəmizin turizm bazarının beş əsas formalaşma istiqaməti qeyd olunub. Bunlar yerli turistlər, Türkiyə, İran, Gürcüstan və Rusiya daxil olmaqla qonşu ölkələr, Səudiyyə Ərəbistanı, Bəhreyn, Küveyt, İraq, Oman, Qətər və Birləşmiş Ərəb Əmirlikləri də daxil olmaqla Fars körfəzi regionu ölkələri, Qazaxıstan, Ukrayna və Özbəkistan da daxil olmaqla MDB ölkələri, Kanada, Çin, Avropa İttifaqı, Hindistan, Yaponiya, Cənubi Koreya və ABŞ da daxil olmaqla kütləvi turizm ölkələridir.
   Son illər Azərbaycanda daxili turizm geniş yayılsa da, artım üçün böyük imkanlar mövcuddur. İldə turizm məqsədilə ölkə daxilində 1,5-2 milyon Azərbaycan vətəndaşının səyahət etməsi bu göstəricinin artan templə davam edəcəyini deməyə əsas verir. 
   Azərbaycanın turizm sektoruna xaricdən tələbat daha çox Gürcüstan, İran, Türkiyə və Rusiya kimi qonşu ölkələrdəndir. Bu ölkələrin də hər birindən Azərbaycana gələn turist sayında ildən-ilə artım müşahidə olunur. Coğrafi yaxınlıq, ümumi mədəni dəyərlər bu ölkələrdən turist axınına səbəb olan amillərdir. Statistik göstəricilər də bunu təsdiq edir. Ötən il ölkəmizə gələn xarici vətəndaşların ümumi sayında Rusiya (33 faiz), Gürcüstan (22,5 faiz), Türkiyə (13,9 faiz) və İran (10,9 faiz) vətəndaşları çoxluq təşkil edib. Bir sıra ölkələrin, o cümlədən Qətər, Oman, Səudiyyə Ərəbistanı, Bəhreyn, Küveyt, Yaponiya, Çin, Cənubi Koreya, Malayziya və Sinqapur vətəndaşları üçün hava limanında viza rəsmiləşdirməsi turist sayında ciddi artıma zəmin yaradıb. 2015-ci illə müqayisədə 2016-cı ildə İordaniyadan 2 dəfə, Küveytdən 3,2 dəfə, Qətərdən 5,5 dəfə, Səudiyyə Ərəbistanı və Omandan 10 dəfə, Birləşmiş Ərəb Əmirliklərindən 22 dəfə, İraqdan 30 dəfə çox turist gəlib. Ortaq ənənələrə, tarixi və mədəni cəhətlərə malik olan regionların bir çox ölkələri üçün Azərbaycan ixtisaslaşmış turizmdə (ən çox tələbatın olduğu sahə) mərkəz rolunu oynaya bilər. 
   
   Qarşıda duran vəzifələr
   
   Strateji Yol Xəritəsinə uyğun olaraq ölkəmizə daha çox xarici turistin cəlb olunması üçün marketinq siyasətinin düzgün qurulması, pioritet bazarların araşdırılması, təbliğat və tanıtım layihələrinə xüsusi önəm veriləcək. Yaxın Şərqdən olan turistlər şəhər gəzintisi, alış-veriş və ovçuluq turları daha çox maraq göstərdiyi halda, avropalı turistlər isə daha çox mədəni turizmə meyllidir. Bu turistlərin Azərbaycana cəlb olunması üçün ölkəmiz böyük potensiala malikdir. 
   Daha uzaq ölkələrdən Azərbaycana turistlərin cəlb olunmasında mədəni, tarixi və təbii zənginliklərlə yanaşı, unikal sağlamlıq turizmi potensialı da öz sözünü deyə bilər. Bu işlərin həyata keçirilməsində yaradılması nəzərdə tutulan Milli Turizm Təbliğat Bürosunun üzərinə böyük vəzifələr düşür. Hədəf ölkə və şəhərlərin seçilməsində ilk növbədə, qonşu ölkələr Bakı şəhərinin, o, cümlədən ölkəmizin turizm potensialının təşviqi üçün əsas bazar olacaq.
   
   Fariz Hüseynov