Qazax rayon MKS-nin Yuxarı Salahlı kənd 1 və 2 saylı kitabxana filialları kənd Folklor evində 21 fevral - Beynəlxalq ana dili gününə həsr olunmuş “Ana dilim - doğma dilim” adlı ədəbi kompozisiya təşkil edib. Kitabxana filialının müdiri Tamam Cəfərovanın “Ana dilimizi qorumaq, inkişaf etdirmək bizim də borcumuzdur” mövzusunda məruzəsi dinlənilib. Məruzə ətrafında çıxışlardan sonra fəal oxucular ana dilimizə, vətənə həsr olunan şeirlər söyləyiblər. 
   * * *
   Xaçmaz rayon MKS-nin Uşaq şöbəsi M.Babayev adına 1 saylı məktəbdə “Daha çox oxumaq istəyirəm” adlı səyyar kitab sərgisi təşkil edib. Kitabxanaçı Xalidə Yarəliyeva məlumat verib ki, sərgidə Azərbaycan ədəbiyyatı ilə yanaşı, türk, rus və ingilis dillərində ədəbiyyatlar nümayiş olunur. Məktəbin 6-cı sinif şagirdləri oxuduqları əsərlər haqqında öz fikirlərini bölüşüblər.
   * * *
   Zərdab rayon Mərkəzi kitabxanasının Uşaq şöbəsində azyaşlı oxucular üçün “Mütaliə saatı” keçirilib. Şöbənin baş kitabxanaçısı Məlahət Cavadova balacalar üçün maraqlı nağıllar oxuyub. Sonra balacalar nağıl qəhrəmanları haqqında düşüncələrini bildiriblər.
   * * *
   Quba rayon MKS-nin Mərkəzi kitabxanasının Oxuculara xidmət şöbəsində akademik Ağamusa Axundovun (1932-2015) anadan olmasının 85 illiyi ilə əlaqədar “Türkoloq alim” adlı tədbir keçirilib. MKS-nin direktor müavini Hüriyyə Sultanova, Oxuculara xidmət şöbəsinin mütəxəssisi Validə Əmiraslanova çıxış edərək alimin həyatı və elmi araşdırmaları haqqında məlumat veriblər. 1 saylı orta məktəbin X sinif şagirdi İlqarə Orucovanın “Görkəmli türkoloq və böyük müəllim” adlı məruzəsi dinlənilib.