Fevralın 19-da “Qızıl ayı” və “Gümüş ayı” mükafatlarının sahibləri bəlli olacaq 
   
   Fevralın 9-da işə başlayan 67-ci Berlin Beynəlxalq Film Festivalı (“Berlinale 2017”) bu həftəsonu yekunlaşacaq. Fransız rejissor Etienne Komarın "Django" filmi ilə açılan festivala 72 ölkədən 399 film qatılıb.
   Berlinaledə Azərbaycan filmi nümayiş olunmasa da, azərbaycanlı rejissor və aktyor Kamal Yaşar 4 gün ərzində festivalı yaxından izləmək imkanı qazanıb. Bu imkanı ona ötən ilin noyabrında Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyi və ittifaqa üzv ölkələrin Bakıdakı səfirliklərinin birgə təşkilatçılığı ilə gerçəkləşən VII Avropa Film Festivalı çərçivəsində ən yaxşı resenziya müsabiqəsində qalibiyyət qazandırıb. 
   Rejissor festivalla bağlı təəssüratlarını bizimlə bölüşdü. Bildirdi ki, ayın 10-dan festivalı izləmək imkanı qazanıb: “Çox möhtəşəm idi. Berlin küçələrində plakatlar, reklamlar - bir sözlə, əsl film bayramı əhvalı. Müxtəlif ölkələrin filmlərini izləmək xoş oldu. Onu qeyd edim ki, builki proqramda çoxlu komediya filmləri var. Son dövrdə yaşanan siyasi hadisələr filmlərdən yan keçməyib. Bu baxımdan festivalda yayımlanan sənədli filmlər əsasən siyasi ağırlıqlı filmlər idi. Avropada mühacir həyatına həsr edilən ekran əsərləri üstünlük təşkil edirdi. Şəxsən mənim üçün ən maraqlı məqamlardan biri də filmlərin nümayişi zamanı yaranan növbələr idi. Seansın başlamasına 5-10 dəqiqə qalmış yüzlərlə insanın növbədə durması və gecikdirilmədən onların zalda yerləşdirilməsi əsl alman intizamının nümunəsi idi”. Həmsöhbətim deyir ki, bu il festivalda müsəlman ölkələrindən filmlər azlıq təşkil edib. Festivala maraq isə çox böyükdür. Bugünlər Berlin hotellərində boş yer tapmaq müşkül işdir. Bu da festivalın turizm tərəfdən sərfəli olduğunun göstəricisidir. 
   Festivala tanınmış simalar - Riçard Gir, Julian Murphy, Robert Pattinson, Katerin Denev, Penelopa Kruz və başqaları qatılmışdı. Qeyd edək ki, polyak rejissor Agnieszka Holland, britaniyalı rejissor Sally Potter, ispaniyalı Alex de la İglesia, amerikalı James Mangoldun və digər dünyaca tanınmış rejissorların filmləri məhz Berlinaledə ilk dəfə göstəriləcək. Bu il festivalda ən çox (74 film) ekran əsəri ilə iştirak edən ölkə isə Almaniyadır.
   Xatırladaq ki, "Berlinale" film festivalı 1951-ci ildən keçirilir və Avropanın üç ən böyük festivalı (Kann və Venesiya festivalı ilə birgə) sırasına daxildir. Festivalın “Yarış”, “Panorama”, “Forum”, “Generation”, “Alman filmləri perspektivi”, “Berlinale qısa filmləri” və “Retrospektiv filmlər” adlı bölümləri var.
   Əsas müsabiqə proqramının qaliblərinə “Qızıl ayı” və “Gümüş ayı” mükafatları verilir. Fevralın 19-da onların sahibləri bəlli olacaq. 
   
   Lalə Azəri