Prezident İlham Əliyev fevralın 20-də “Azərbaycan Respublikasına turist axınının sürətləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” sərəncam imzalayıb.
   Sərəncamda Dövlət Gömrük Komitəsinə, Dövlət Sərhəd Xidmətinə və Xarici İşlər Nazirliyinə Azərbaycan Respublikasının Rusiya Federasiyası, Türkiyə, İran və Gürcüstan ilə dövlət sərhədinin buraxılış məntəqələrindən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin sürətli keçidini təmin etmək məqsədilə xüsusi ayrılmış hərəkət zolaqlarının müəyyən edilməsi, dövlət sərhədinin buraxılış məntəqələrinin iş saatlarının artırılması ilə bağlı qarşı tərəflə danışıqlar apararaq tədbirlər görmək tapşırılıb. Dövlət Dəniz Administrasiyasına “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC və “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC ilə birlikdə Xəzər dənizində gəmi turlarının təşkili məqsədilə Xəzər dənizinin sahilyanı dövlətləri ilə danışıqlar aparmaq, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə, Dövlət Miqrasiya Xidmətinə, “Azəravtoyol” ASC-yə və digər aidiyyəti qurumlara sərəncamın icrası ilə bağlı tapşırıqlar verilib.
   Sərəncama əsasən, Mədəniyyət və Turizm Nazirliyi Dövlət Miqrasiya Xidməti ilə birlikdə turizm sahəsində xidmət göstərən subyektləri viza prosedurlarının sadələşdirilməsi barədə məlumatlandırmalı və onların gömrük və miqrasiya qanunvericiliyi ilə tanış olmasını təmin etməlidir.
   Dövlət başçısı fevralın 20-də həmçinin “Ticarət festivalları dövründə fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının ərazisində alınmış istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Qaydası”nın təsdiq edilməsi haqqında fərman imzalayıb. 
   Fərmana əsasən, Vergilər Nazirliyi Qaydanın 2.0.10-cu yarımbəndində nəzərdə tutulan müvəkkil bankı (bankları) Mədəniyyət və Turizm Nazirliyinin rəyini nəzərə almaqla və Maliyyə Bazarlarına Nəzarət Palatası ilə razılaşdırmaqla on beş gün müddətində müəyyən etməlidir.
   Mədəniyyət və Turizm Nazirliyi Vergilər Nazirliyi ilə birlikdə ticarət festivalları dövründə fiziki şəxslər tərəfindən ölkə ərazisində alınmış istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması sisteminin Azərbaycan Respublikasında tətbiqi ilə bağlı təbliğat, təşviqat və məlumatlandırma tədbirlərini, o cümlədən kütləvi informasiya vasitələrində və sistemə qoşulacaq ticarət obyektlərində videoçarxların yayımlanmasını təmin etməlidir.
   Bütün mərkəzi və yerli icra hakimiyyəti orqanlarına, aidiyyəti dövlət qurumlarına bu fərmandan irəli gələn vəzifələrin icrası ilə bağlı Azərbaycan Respublikasının Vergilər Nazirliyinə, Mədəniyyət və Turizm Nazirliyinə və digər səlahiyyətli dövlət qurumlarına kömək göstərilməsini təmin etmək tapşırılıb.