Fevralın 21-də İçərişəhərdəki “Muğam klub”da Təhsil Nazirliyinin “Novruz mühazirələri” üzrə ilk görüş keçirilib.
   Görüşdə Xalq yazıçısı Çingiz Abdullayev “Sözün təbiət və ədəbiyyat şəkli: zamanın gerisində, yoxsa...” mövzusunda çıxış edib. Yazıçı həyatının və yaradıcılığının maraqlı məqamlarından, illərlə qazandığı təcrübədən söz açıb, Azərbaycan və dünya ədəbiyyatından sitatlar gətirib, gəncləri bədii ədəbiyyat oxumağa dəvət edib. 
   Tədbirdə məlumat verilib ki, “Novruz mühazirələri” layihəsinin məqsədi təhsilin və elmin müxtəlif sahələrinə dair mövzuların gündəmə gətirilməsi və populyar dildə təqdim olunmasıdır. Ötən ildən reallaşdırılmağa başlanılan mühazirələrdə tanınmış alimlər, beynəlxalq və yerli təhsil ekspertləri davamlı inkişaf, Azərbaycan iqtisadiyyatının uğurları, biliyin qiymətləndirilməsi fəlsəfəsi, səriştə əsaslı təhsil, Novruz bayramının tarixi kökləri, ölkəmizdə informasiya texnologiyaları sahəsinin inkişafı mövzularından bəhs ediblər.