“Kitabi-Dədə Qorqud” dastanını oxuyub, “Dədə Qorqud” filminə dəfələrlə baxmış orta statistik azərbaycanlı üçün qıpçaq mövzusu tarixi-etnoqrafik anlamda heç də birmənalı deyil. Çünki qıpçaq xanı dedikdə ilk olaraq igidliyi Qazan xanın əyalına sataşmaqda, Bamsı Beyrəyi yeddi il dustaq saxlamaqda görən Qıpçaq Məlik gözümüzün qarşısında canlanır. Amma düşünəndə ki, rus xalqının ilk yazılı abidəsi olan «İqor polku haqqında dastan» rus knyazının qıpçaq xanına əsir düşməsindən və əsirlikdən necə qurtulmasından bəhs edir, - altşüurda Qıpçaq Məliyin tayfadaşlarına münasibət dəyişir. 
   Amma bizim söhbətimiz iki qonşu xalqın ən böyük qədim yazılı abidələrindəki etnoqrafik bilgilərin psixoloji baxımdan araşdırılması deyil, fevralın 18-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında ilk dəfə nümayiş etdirilən «Qıpçaq rəqsləri» baleti barədədir. 
   Bəri başdan deyək ki, «Qıpçaq rəqsləri» böyük rus bəstəkarı Aleksandr Borodinin «Knyaz İqor» operasının tərkib hissəsidir. Bəstəkar 18 il boyunca bu monumental əsər üzərində çalışsa da, onu tamamlaya bilməmiş, yalnız onun vəfatından sonra digər iki böyük rus bəstəkarı - A.Qlazunov və N.Rimski-Korsakov operanı tamamlayaraq, orkestr üçün işləmişlər. 
   Operanın ilk nümayişindən (1890) 24 il sonra, 1914-cü ildə Mixail Fokin operanın ikinci pərdəsində Konçak xanın öz əsiri knyaz İqoru əyləndirmək üçün qurduğu qıpçaq rəqs halayını operadakı digər rəqs nömrələri ilə birləşdirərək ayrıca - birpərdəli «Qıpçaq rəqsləri» baleti kimi səhnələşdirib. O zamandan bəri bu balet həm «Knyaz İqor» operasının ən maraqlı musiqi və xoreoqrafik süitası, həm də müstəqil tamaşa taleyini yaşayır. 
   Bəstəkar Borodinin əsər üzərində işləyərkən qədim türklərin - hun tayfasının varisi olan macarların musiqisini öyrənməsi, etnoqrafik etüdləri klassik rus musiqisinin ənənələri ilə incəliklə uyğunlaşdırması, damarlarda qanı coşduran, kişi rəqqasların ifası üçün bir növ cəngi havalarına yaxın melodiya ladını seçməsi «Qıpçaq rəqsləri»nin hər zaman coşqu ilə qarşılanmasını təmin edib. 
   Bizim teatra gəlincə, stajlı klassik musiqi xiridarları «Qıpçaq rəqsləri»ni yalnız «Knyaz İqor» operasının bir xoreoqrafik bəzəyi kimi seyr ediblər. Balet truppası ilk dəfədir ki, musiqisinin ruhu, ritmi bizə çox yaxın olan bu baleti tamaşaya qoyur. 22-24 dəqiqə davam edən birpərdəli baleti tamaşaya qoymaq üçün Sankt-Peterburqdakı Mixaylovsk Opera və Balet Teatrının xoreoqrafı, Rusiyanın Əməkdar artisti Sergey Moxnaçov Bakıya dəvət edilmişdi. Bizim balet artistləri ilə ikinci dəfə birlikdə çalışan rusiyalı xoreoqrafın bu quruluşunda demək olar ki, bütün truppa (50 nəfər) məşğuldur. Xoreoqrafın truppa ilə gərgin məşqlərinin, baletmeyster-repetitor, Əməkdar artist Nailə Məmmədzadənin, truppanın bədii rəhbəri, Xalq artisti Kamilla Hüseynovanın, digər repetitorların birgə səyinin nəticəsi olaraq anşlaqla keçən tamaşaya salondan yüksələn «bravo» sədalarından yaxşı qiymət ola bilməzdi. 
   Xalq rəssamı, Dövlət mükafatı laureatı Rafiz İsmayılovun çöllərdə at oynadan Konçak xanın oylağının təsviri üçün tərtibatda seçdiyi boyaların sərt çalarlarından tutmuş əsir qızların, döyüşçülərin, qıpçaq qızlarının geyimlərindəki xırda detallarınadək tarixi-entoqrafik özünəməxsusluğun qorunması da diqqətdən yayınmadı. Əsas balet partiyalarını ifa edən Əməkdar artist Alsu Gimadiyevanın (Baş cariyə) türk və Şərq rəqs elementlərinin məcmusu olan incə rəqsi, əsirlər, xana tabe olmaq istəməyən əsirlərin - Əməkdar artist Tamilla Məmmədzadə ilə Anar Mikayılovun dueti, Anar Tahirovun (Döyüşçü) çılğın ifası onların nə qədər yaxşı formada olduqlarını nümayiş etdirdi. İqor Kuznetsovun Xan görkəmi, jestləri və qrimi isə miniatür rəsmlərdəki türk sərkərdəsinin obrazını xatırladırdı. 
   «Qıpçaq rəqsləri» baleti əslində rəqs süitası olduğu üçün adətən tamaşanın vaxtını bir qədər artırmaq üçün əsərdən müxtəlif hissələri süitaya əlavə edirlər. Bizim teatrda isə yalnız operanın uvertürası və əsərdəki «Qıpçaq marşı» əlavə edilib. Tamaşaya respublikanın Xalq artisti Yalçın Adıgözəlov dirijorluq edirdi. Səhnədəki ifaçılar ilə orkestr çökəyindəki ifaçılar arasında yaranmış anlaşma, səs və hərəkətin uzlaşması heç şübhəsiz ki, maestronun idarəçilik bacarığının bəhrəsi idi. 
   Ümidvarıq ki, soyuq fevral axşamında Opera və Balet Teatrını tərk edən tamaşaçıların musiqidən aldığı ruh yüksəkliyi, çılğın rəqslərin seyrindən duyduğu coşqunluq havalar isindikcə də keçməyəcək. Odur ki, bizlərə belə gözəl tamaşa bəxş etmiş balet truppasından daha neçə sənət görüşü gözləməkdə israrlıyıq. 
   
   G.Mirməmməd