Bakı Xoreoqrafiya Akademiyasının dəvəti ilə ingiltərəli rəqs ustası, Cənubi Oklend Balet Akademiyası və Yeni Zelandiya Rəqs Məktəbinin məzunu, Yeni Zelandiya Kral Baleti və Gürcüstanın Z.Paliaşvili adına Dövlət Opera və Balet Teatrında peşə fəaliyyəti göstərən Uilyam Pratt 20-25 fevral tarixində tədris ocağında ustad dərsləri keçir.
   Qonaq akademiyanın ixtisas müəllimləri və yuxarı kurs tələbələri qarşısında çıxış edərək, klassik və müasir rəqsdə müasir meyllər və yeni üslublar barədə məlumat verib, tələbələr xoreoqrafın göstərdiyi bəzi rəqs elementlərini maraqla müşahidə ediblər. Ustad dərsində qeyd olunub ki, müasir rəqslərə yeni nəfəs gətirmək üçün ilk növbədə bütün rəqslərin əsası sayılan klassik rəqsi qoruyub saxlamaq, inkişaf etdirmək və zənginləşdirmək lazımdır.
   Bakı Xoreoqrafiya Akademiyası rəhbərliyinin Uilyam Prattla görüşündə ustad dərsi barədə fikir mübadiləsi və gələcək əməkdaşlıq barədə müzakirələr aparılıb.