Azərbaycanın Qazaxıstandakı səfiri Rəşad Məmmədov bu ölkənin mədəniyyət və idman naziri Arıstanbek Muxameduli ilə görüşüb.
   Görüşdə iki ölkənin mədəniyyət, turizm və idman sahələrində əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. Bu sahələrdə əməkdaşlığın ortaq köklərə mənsub xalqlarımızın daha da yaxınlaşmasına xidmət etməsi qeyd edilib və mədəni dəyərlərimizin qorunub saxlanılaraq gələcək nəsillərə ötürülməsində mühüm rol oynaması vurğulanıb. 
   Səfir Azərbaycanın cari ildə Astanada keçiriləcək “Astana Expo-2017” sərgisində ən gözəl pavilyonlardan birini yaradacağını deyib. Sərgi çərçivəsində Azərbaycan mədəniyyət günlərinin keçirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.
   Bu il ölkəmizdə keçiriləcək Formula-1 Azərbaycan Qran-prisi və “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunları zamanı qazaxıstanlı turistlərin Azərbaycana rahat gəlmələri üçün müxtəlif turpaketlərin hazırlanacağı diqqətə çatdırılıb. Birgə turizm paketinin hazırlanması istiqamətində hər iki ölkənin turizm şirkətlərinin təşviq edilməsi üçün müvafiq qurumların əməkdaşlığa başlaması təklif edilib.
   Söhbət zamanı işğal altında olan Azərbaycan torpaqlarına qanunsuz turist səfərlərinin qarşısının alınması ilə bağlı fikir mübadiləsi də aparılıb.