Azərbaycan Dövlət Musiqili Teatrında ölkədə fəaliyyət göstərən bir sıra turizm şirkətlərinin nümayəndələri ilə dəyirmi masa arxasında görüş keçirilib. 
   Görüşdə Mədəniyyət və Turizm Nazirliyi Turizm sənayesi ilə iş sektorunun müdiri Bəxtiyar Qılıncov, “BakuTravel-Tourism”, “ViaCaucasus”, “Master Travel”, “Victory Tour”, “Benefit Travel”, “ALDE Tour”, “Aristokrat Travel” şirkətlərinin təmsilçiləri iştirak ediblər. 
   Teatrın direktoru, Əməkdar incəsənət xadimi Əliqismət Lalayev qonaqları salamlayaraq görüşün mədəni turizmin inkişafına müsbət təsiri olacağını deyib. Qeyd edilib ki, teatr İranın məşhur komediya aktyoru Babək Nəhreynin rəhbərlik etdiyi Təbriz Teatrı ilə birgə tamaşa hazırlayır. “Bəxtəvər” adlı tamaşada hər iki teatrın aktyorları rol alacaq, tamaşanın biletləri ölkəmizlə yanaşı, İranın turizm şirkətlərində də satılacaq. Səhnə əsəri Novruz bayramı günlərində tamaşaçılara təqdim olunacaq.
   Direktor həmin günlərdə bir sıra ölkələrdən, o cümlədən İrandan ölkəmizə çoxsaylı turistlərin gələcəyini diqqətə çatdıraraq turizm şirkətlərini bu prosesdə fəal iştirak etməyə çağırıb. Vurğulanıb ki, ölkə başçısının diqqət və qayğısı nəticəsində Azərbaycanda fəaliyyət göstərən bir sıra teatr-konsert müəssisələri ilə yanaşı, Dövlət Musiqili Teatrının da binası tam yenidən qurulub, teatrda unikal şərait yaradılıb: “Təklif edərdim ki, gələcəkdə təşkil edəcəyiniz ekskursiya turlarına Musiqili Teatrın binasını da əlavə edəsiniz. Yaxud tur-paketlərin mədəni istirahət hissəsinə Musiqili Teatrın hazırladığı klassik tamaşalarımızı - dahi Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun”, “Arşın mal alan” kimi əsərləri də daxil etmək olar. Repertuarımızda rus bölməsinin hazırladığı səhnə əsərləri ilə yanaşı, bir sıra tamaşalar var ki, ingilis dilinə tərcümə olunub və titrlər vasitəsilə təqdim olunur. Bu və digər məsələlərdə əməkdaşlığımızı genişləndirsək, mədəniyyətimizin təbliği baxımından bu, çox mühüm bir addım olar”, - deyə Ə.Lalayev bildirib.
   Turizm təmsilçiləri təşəkkürlərini bildirərək gələcək əməkdaşlıqla bağlı təkliflər irəli sürüblər. Nazirliyin sektor müdiri Bəxtiyar Qılıncov tərəflər arasında əməkdaşlığın genişlənməsi üçün nazirliyin hər cür dəstək verəcəyini söyləyib.
   Sonda qonaqlar tamaşaçılarla birlikdə Xalq yazıçısı Elçinin hekayələri əsasında hazırlanan “Baladadaşın toy hamamı” lirik komediyasını izləyiblər.