Bakı Xoreoqrafiya Akademiyasının akt zalında Azərbaycanın və türk dünyasının böyük şairi Məhəmmədhüseyn Şəhriyarın 110 illiyinə həsr olunmuş ədəbi-bədii mərasim keçirilib. Akademiyanın pedaqoji kollektivinin, şagird və tələbələrin iştirak etdiyi tədbirdə filologiya üzrə fəlsəfə doktoru Aypara Məmmədova giriş sözü söyləyib. 
   Azərbaycan dili və ədəbiyyat kafedrasının müdiri, dosent Vəfa Əliyev “Şəhriyarın həyatı və yaradıcılıq yolu” mövzusunda məruzə edib. Qeyd edib ki, Şəhriyar öz əsərləri ilə sağlığında klassiklər səviyyəsinə yüksəlmiş, anadilli poeziyamıza “Heydərbabaya salam” kimi sənətkarlıq baxımından nadir əsərlərindən birini töhfə vermişdir. Şəhriyar poeziyasının başlıca cəhəti ondan ibarətdir ki, bu poeziya insanları birliyə, qardaşlığa, dostluğa, sülhə və azadlığa çağırır. Şəhriyarın poetik dünyası dövrünün, zəmanəsinin bədii ensiklopediyasıdır. Şairin “Heydərbabaya salam” poeması başdan-başa xalq dilində yazılıb. Poemanın ən qiymətli cəhətlərindən biri də şairin burada xalqın həyat və məişətindən, adət və ənənələrindən bədii tablolar yaratmasıdır.
   Mərasimdə Şəhriyarın lent yazıları səsləndirilib. Akademiyanın tələbələri şairin poeziyasından nümunələr oxuyublar, Şəhriyarın şeirlərinə yazılmış mahnılar ifa olunub.