İlaxır çərşənbələrdən birincisi arxada qaldı
   
   Fevralın 20-si yurdumuza Boz ay daxil olub. Xalq təqviminə görə, Kiçik çillə fevralın 19-u ömrünü başa vurub, yerini Boz aya verir. Boz ay xalq arasında həm də “Alaçalpov”, “Çilləbeçə”, “Ağlar-gülər”, “Cəmlələr” adları ilə tanınır. Boz ay Kiçik çillənin qurtardığı vaxtdan yazın ilk gününə qədər olan dövrdür. Aya bu cür ad verilməsi Boz ayda havanın buludlu, yağışlı, küləkli, bəzən günəşli - bir sözlə, dəyişkən keçməsi ilə bağlıdır.
   Xalq arasında Boz ay haqqında bir deyim var: “Boz ay bozara-bozara keçər”. Bu daha çox Boz ayda havaların bozarmasına və dəyişkənliyinə işarədir. Boz ayın dəyişkən olması ilə əlaqədar bir rəvayətdə deyilir ki, nə vaxtsa Göy Tanrı ili 12 aya bölüb. Bu vaxt hər aya 32 gün, təkcə Boz aya 14 gün düşüb. Boz ay inciməsin deyə, hər ay ömründən bir gün bu aya verib. Lakin Boz ay yenə narazı qalıb. Bunu görən ayların bəzisi ömründən bir gün də götürüb Boz aya verib. Elə ona görə də ayların bəzisi 30 gün, bəzisi isə 31 gündən ibarətdir. Deyilənlərə görə, Boz ayda havaların bu cür dəyişkən olmasının səbəbi hər aydan pay aldığına işarədir. Bu ayın xalq arasında adının həm də “ağlar-gülər” adlanması havaların dəyişkən olması ilə əlaqədardır. Kiçik çillə ilə Novruz arasındakı Boz ay qışdan yaza keçid dövrüdür. Xalq arasında Boz aya “Bayram ayı” da deyilir.
   Novruzdan əvvəl hər biri müxtəlif ayinlər və mərasimlərlə icra olunan 4 çərşənbə də bu aya təsadüf edir. 
   Xalq təqviminə görə, Novruz öncəsi çərşənbələrdən birincisi - Su çərşənbəsi ötən axşam qeyd olundu. Mifik qaynaqlarda su həyat, dirilik, sağlamlıq və xoşbəxtlik mənbəyi sayılır. Xalqımızın inamında suyun rəmzləşməsi onun and yeri olması ilə də sıx bağlıdır. İnanclara görə, süfrəyə su dağılması aydınlıqdır, su içən adamı qəfil vurmazlar, su içən adamı ilan çalmaz, lal axan sudan keçməzlər, su ehsandır. Bütün bunlar suyun müqəddəsliyini ifadə edir.
   Əski zamanlarda insanlar Su çərşənbəsində günəş doğmadan bulaq başına gedər, təzə suda əl-üzünü yuyar, “azarım-bezarım suya” deyib onun üzərindən atlanar, bulaq başında niyyət edər, suyun ətrafında bir sıra mərasimlər keçirər, yeni günün gəlişini bayram edərdilər. 
   Su çərşənbəniz mübarək!