Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının həyata keçirdiyi “Bizim kino günləri 2017” layihəsi çərçivəsində fevralın 23-dən Asif Rüstəmovun “Axınla aşağı” bədii filminin kinoteatrlarda nümayişi başlanıb.
   Film Nizami Kino Mərkəzində, “Park Cinema” və “CinemaPlus” kinoteatrlar şəbəkəsində göstərilir. Seanslar haqqında məlumat kinoteatrların internet səhifələrində və “Azərbaycanfilm” kinostudiyasının facebook səhifəsində yerləşdirilir.
   “Axınla aşağı” filmi Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə “Azərbaycanfilm” kinostudiyasında lentə alınıb. Ssenari müəllifləri Asif Rüstəmov və Otar Pertaxia, quruluşçu operatoru Ayxan Salar, quruluşçu rəssamı Rafiz İsmayılov, bəstəkarı Xəyyam Mirzəzadə, icraçı prodüseri Nadir Əliyev, prodüseri Müşfiq Hətəmovdur. Filmdə baş rolları Namiq Ağayev, Mehriban Zəki, Aleksandra Andreevska, Teymur Məmmədov və digərləri canlandırırlar.