Alman fotoqrafın azərbaycanlı məcburi köçkünlərlə bağlı fotoları Brüsseldə sərgilənir
   
   Son dörd il ərzində dünya turu edən “Evə aparan beş yol” adlı fotosərginin Avropa İttifaqının qərargahı olan Brüssel şəhərində də təqdimatı baş tutub. Brüsseldəki “Art Thema” qalereyasında alman fotoqrafı Filip Ratmerin işləri fevralın 28-dək sərgilənəcək.
   Nümayiş etdirilən şəkillərdə azərbaycanlı məcburi köçkünün portreti yer alıb. Bu təsirli və emosional şəkillərdə onların simaları qara fonda yaxın rakursdan çəkilib. Fotosərgi Xocalı soyqırımının 25-ci ildönümünə həsr olunub. Fotoşəkillərdə əks olunan insanların hamısının bir istəyi var - işğal edilmiş rayonlara aparan beş yoldan birini seçmək istəyi.
   Azərbaycan Respublikasının Belçikadakı səfiri Fuad İsgəndərov bildirib ki, bu faciə bütün azərbaycanlılar üçün çox şeyi dəyişdi. Təəssüf ki, bu hadisəni törədənlər məlumdur, lakin onlar hələ də cəzalandırılmayıb. 
   TEAS-ın Benelüks ofisinin bu unikal sərgini Avropanın mərkəzində təşkil etdiyinə şad olduğunu söyləyən Fuad İsgəndərov bildirib ki, burada avropalılar 25 il əvvəl Azərbaycanın Xocalı şəhərində nə baş verdiyini öyrənməlidirlər. 
   Tədbir pianoçu, bəstəkar və müğənni Nəzrin Əfəndiyevanın həzin musiqi ifası ilə yekunlaşıb. N.Əfəndiyeva Azərbaycanın görkəmli bəstəkarı Fikrət Əmirovun nəvəsidir.