Romada Xocalı soyqırımından bəhs edən ədəbi-musiqili tamaşa nümayiş etdirilib
   
   Xocalı soyqırımının 25-ci ildönümü ilə bağlı Azərbaycanın İtaliyadakı səfirliyi və “Espressione d'Arte” Assosiasiyasının birgə təşkilatçılığı ilə Romanın tarixi “Palazzo Brancaccio” sarayında “10 hekayə. Bunlar həqiqət ola bilərdi...” adlı ədəbi-musiqili tamaşa nümayiş etdirilib. 
   Tamaşa Heydər Əliyev Fondunun vitse-prezidenti, “Xocalıya ədalət!” beynəlxalq kampaniyasının təşəbbüskarı Leyla Əliyevanın ideya müəllifi olduğu “Xocalı. 20 il, 10 hekayə. Bunlar həqiqət ola bilərdi...” kitabındakı hekayələr əsasında hazırlanıb.
   Tədbirə İtaliyanın dövlət qurumlarının nümayəndələri, parlament üzvləri, diplomatik korpusun təmsilçiləri, mədəniyyət, elm xadimləri, jurnalistlər qatılıb.
   Əvvəlcə tədbir üçün hazırlanmış “Qarabağın səsi” adlı videoçarx təqdim edilib. Xanəndə Tacir Şahmalıoğlunun ifasında “Bayatı-Şiraz” muğamının sədaları altında Qarabağın Azərbaycanın tarixi-əzəli torpağı olmasını, Ermənistanın hərbi təcavüzü nəticəsində torpaqlarımızın viran qalmasını göstərən kadrlar nümayiş etdirilib.
   Mərasimdə çıxış edən Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadə Xocalı soyqırımını Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzünün ən dəhşətli səhifəsi adlandırıb.
   Sonra ədəbi-musiqili tamaşa təqdim olunub. Tanınmış violonçel ifaçısı Pierluici Ruccieronun bədii tərtibatı əsasında hazırlanan tamaşa “Xocalı. 20 il, 10 hekayə. Bunlar həqiqət ola bilərdi...” kitabındakı hekayələr və məşhur pianoçu Culiano Di Cüzeppenin məhz bu səhnə əsəri üçün bəstələdiyi musiqi parçaları əsasında qurulub. Hekayələri italiyalı aktyorlar Alessia Çentofanti və Raffaello Mastrorilli səsləndirib, musiqi parçalarını isə Pierluici Rucciero, Culiano Di Cüzeppe, skripkaçı Zoltan Banfalvi, gitaraçı Luka Trabukkinin ifa ediblər.
   Tamaşanın səhnə tərtibatı üçün aidiyyəti kitabdakı rəsmlər, “Xocalı uşaqların gözü ilə” mövzusunda yeniyetmə rəssamların çəkdiyi şəkillər, dünyada Xocalı soyqırımı abidələri, soyqırımın beynəlxalq səviyyədə tanınmasını əks etdirən kadrlar, habelə Xocalı soyqırımı ilə bağlı ölkəmizdə təşkil olunan rəsmi tədbirlərin fotolarından istifadə edilib.
   Maraqla qarşılanan tamaşadan sonra İtaliya parlamentində Azərbaycanla dostluq qrupunun sədri, senator Sercio Divina, İtaliya İnsan Haqları Liqasının sədri Antonio Stango çıxış edərək Xocalı faciəsindən, bu faciəyə beynəlxalq hüquq nöqteyi-nəzərdən qiymət verilməsinin vacibliyindən danışıblar. Sonda səfir M.Əhmədzadə bütün tədbir iştirakçılarına təşəkkür edib.