Bakı Xoreoqrafiya Akademiyasında tanınmış rəqqas, Xalq artisti, Əməkdar müəllim, Prezident təqaüdçüsü, xoreoqraf Böyükağa Məmmədovun 90 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. Yubilyarın şəxsən iştirak etdiyi tədbirə yaxınları, ailə üzvləri, sənət dostları, tələbələri, akademiyanın professor-müəllim heyəti, şagird və tələbələri qatılıb. 
   Tədbiri giriş sözü ilə açan Bakı Xoreoqrafiya Akademiyasının prorektoru, Əməkdar incəsənət xadimi, professor Sonaxanım İbrahimova Böyükağa Məmmədovun sənət yolundan bəhs edib. Bildirib ki, yubiley mərasimi akademiyanın rəhbərliyi və kollektivinin ustad sənətkara hörmət və ehtiramının əlamətidir.
   Tədbirin aparıcısı - Bakı Xoreoqrafiya Akademiyasının Milli rəqslər kafedrasının müdiri, Əməkdar artist Sənan Hüseynli Böyükağa müəllimin həyat və yaradıcılığı haqqında məlumat verib. 
   Yubilyarın əvəzedilməz tərəf-müqabili, dünyanın onlarla ölkəsində qastrol səfərlərində olan, Azərbaycan mədəniyyətini və incəsənətini birgə təbliğ edən Xalq artisti Roza Cəlilova, tələbələri - Akademiyanın baş müəllimi, Xalq artisti Yusif Qasımov, Əməkdar artist Aliyə Ramazanova və digərləri Böyükağa müəllimlə bağlı öz xatirələrini bölüşüb, təbriklərini çatdırıblar.
   Daha sonra Böyükağa Məmmədovun həyat və yaradıcılığını əks etdirən qısametrajlı sənədli film nümayiş etdirilib. Akademiyanın tələbəsi Surac Qurbanov vaxtilə Böyükağa Məmmədovun quruluş verdiyi və mahir ifaçısı olduğu “Çobanlar” rəqsini ifa edib.
   Tədbirin sonunda ustad sənətkar Azərbaycan xoreoqrafiya sənətinin inkişafında göstərdiyi xidmətlərə görə Bakı Xoreoqrafiya Akademiyasının fəxri diplomu ilə təltif edilib.