Layihəyə yekun vurulub
   
   Fevralın 21-də Azərbaycan Xalça Muzeyində “Xalçaçılıq sənətini yaşat və təbliğ et” layihəsinin yekunlarına həsr olunmuş tədbir təşkil olunub.
   Layihə Binəqədi Rayon İcra Hakimiyyəti və Azərbaycan Xalça Muzeyinin birgə təşkilatçılığı ilə reallaşıb. Layihə çərçivəsində paytaxtla yanaşı, regionlarda da tədbirlər təşkil olunub. 
   Layihənin koordinatoru Fuad Rəsul bildirib ki, əsas məqsəd ölkəmizin bütün bölgələrində Azərbaycan xalqının sevə-sevə yaşatdığı, əsrlər boyu qoruduğu qədim sənət növü olan xalçaçılıq tarixinin öyrənilməsi, unudulmaqda olan xalça sənətinin dirçəlişi və gənc nəsillərə təbliği məqsədilə xalçaçılıq üzrə tədris planı təşkil etməkdir.
   Daha sonra tələbələr və digər iştirakçılar muzeydəki eksponatlarla tanış olublar, onlara eksponatlar haqqında geniş məlumatlar verilib.
   Sonda layihəni uğurla başa vuran gənclərə sertifikatlar təqdim olunub.