Yüz ildir evlərdə ana dili açan Azərbaycan uşaqları məktəblərdə bu şairin şeirlərilə aləm dili də açırlar... 
   
   24 fevral 1881-ci ildə Tiflisdə ruhani ailəsində anadan olmuş bapbalaca (sözün hər iki mənasında; onun oxuduğu məktəbin müəllimləri “bu sinifdə yaş və boy-buxunca ən balacamızdan nümunə götürün” deyərmişlər) Abdullanın şəxsində, sən demə, Azərbaycan ədəbi-ictimai fikir tarixinə böyük maarif və mədəniyyət xadimi, gözəl şair, nasir, dramaturq, ədəbiyyatşünas, tərcüməçi də doğulubmuş.    
   Bunu on altı yaşından başladığı bədii tərcümə və füzulianə qəzəllərilə “elan” edən bu “uşaq” öz “Ala, bula boz keçi”, “Dovşan, dovşan, a dovşan”, “Ay pipiyi qan xoruz” kimi şedevrləri, “Bir kəndli muzdur ilə axşamüstü biçindən” sayaq tərcümələrilə nəsil-nəsil uşaqlara ədəbi “ata dili” açdırdı. 
   Və... zaman-zaman:
   
   “Bənövşəyəm, bənövşə, 
   Qızlar, oğlanlar məni 
   Dərib taxarlar döşə” 
   
   “Ağıllı oğlum, oyan!
   Qiymətlidir hər zaman
   Tez ol, dur, get məktəbə,
   Sarıl elmə, ədəbə” -
   
   deyən bu ata (və yeri-zamanı gəlmişkən),
   
   “Soyuq qış axşamında, 
   İsti ocaq başında 
   Nağıl deyər nənələr, 
   Qulaq asar nəvələr”, 
   
   “Bir qırmızı güldür tonqal, 
   Bir dəstə sünbüldür tonqal, 
   Bir xonçadır al günəşdən, 
   Həyat gəlir bu atəşdən” -
   
   söyləyən bu baba,
   
   “Arıyam, zəhmətkeşəm,
   Bal, mum çəkməkdir peşəm.
   Uçaram göy yamaca,
   Çiçək açmış ağaca,
   Çalışaram doqquz ay,
   Hamı məndən alar pay”,
   
   kücədən bir pul kisəsi tapan (“Ana, gəl, gəl ki, dövlətə çatdıq, Pullu olduq, səadətə çatdıq!”) çocuğa anasının dilindən:
   
   “Oğlum, nə sərd imiş qanın
   Ki, buna razı oldu vicdanın?
   Niyə verdin fənayə doğruluğu,
   İrtikab eylədin bu oğruluğu?
   Hiç zənn etməm, özgənin mali
   Bizi zəngin qılıb, edə ali.
   Gərçi pul çox fərəh-fəzadır, oğul,
   Leyk - namus pək bəhadır, oğul!” -
    
   buyuran bu müdrik-poetik ictimai ağsaqqal məmləkətimizin məktəb-maarif işi, milli uşaq ədəbiyyatı, dramaturgiyası qisminin banisi oldu.
   
   Və...
   
   Bütün ömrü boyu geniş maarifçiliyi, gözəl poeziyası, aydın-ağsaqqal ziyası ilə xalqını qalxıma səsləmiş universal sənətkar ovaxtkı “partiya və hökumətimiz” tərəfindən ikicə kərə yad edilib; iyirmi il can qoyduğu gimnaziyanın xalqın “Şaiq nümunə məktəbi” adlandırılması istəyini rəsmiləşdirməsi və ədəbiyyat-maarif sahələrində 55 illik xidmətlərini nəzərə alaraq, “Əməkdar incəsənət xadimi” adıyla təltif etməsilə...
   Xalqımız isə bu cəfakeş pedaqoqu, Vətən balalarının bənzərsiz müəllim-şairini, millət, ədəbiyyat, sənət, mədəniyyət ağsaqqalımızı öz sevgi və xatirat təltifatlarıyla kifayət qədər dəyərləndirib. 
   Bu qəbil mükafatlar onu elə uşaqlıqdan “təqib” edib. Tiflisdəki altısinifli şəhər müsəlman məktəbində müəllimlər nadinc uşaqlara “düz otur”, “ağıllı ol” məzmunlu trafaret “tərbiyələr” əvəzinə, “Abdulla kimi ol” deyərmişlər. On iki yaşında ikən ailəsilə Xorasana köçüb, orada tarix, məntiq, psixologiya elmlərinə, Azərbaycan, Şərq və rus ədəbiyyatının əsaslarına necə səylə yiyələnirsə, dövrün məşhur ziyalısı Yusif Ziya “mən öz məktəbimdə bu fərasətdə uşaq görməmişəm!” deyib. 
   Bu “uşaq” özü isə, bir az sonralar “Həpimiz bir yuva pərvərdəsiyiz! Həpimiz bir günəş zərrəsiyiz!” deyəcək, gələcəyin bütün uşaqlarının irfan südü kimi qidalanacağı misralar yazacaqdı. İyirmi yaşında Tiflisə, növbəti il - ömürlük məskən salacağı Bakıya gələn Abdullanın burada bir rus ziyalısının çox zəngin kitabxanasını alması faktı ətrafa onun ilk “yaradıcılıq” nümunəsi kimi səs-səda salacaqdı. Mülki evindəki irfanilik onu, siyasi bayırdakı (çoxlarıyçün yumruq, süngü, “doklad” və digər macəravi maraqlardan ibarət) inqilabi olayları daha bəsirətlə izləməyə səsləyəcək, milli ötənək-gələnəklərə dair sevgi dolu dirçəliş yoluna düşərək, maarifçi-pedaqoq, romantik şair kimi formalaşma kursu keçəcəkdi. 1910-cu ildə yazdığı “Gözəl bahar” pyesi ilə milli uşaq teatrının özülünü qoyacaqdı. Çalışdığı və sayəsində bütün dərslərin Azərbaycan-türk dilində aparıldığı (1923-cü ildə ədəbi-pedaqoji fəaliyyətinin 20 illiyinin təntənəylə qeyd ediləcəyi) gimnaziya “Şaiq nümunə məktəbi” adlandırılacaqdı. Azərbaycan Gənc Tamaşaçılar Teatrının, “Uşaq və gənclər nəşriyyatı”nın işi birbaşa onun adı ilə bağlı olacaq, biri-birindən maraqlı (“Xasay”, “Eloğlu”, “Vətən”, “Fitnə”, “Qaraca qız”...), gözəl pyesləri sonrakı müəlliflərçün (M.Seyidzadə, M.Dilbazi, M.Rzaquluzadə, Z.Cabbarzadə və b.) örnəyə çevriləcək, milli folklorumuzu toplayıb-öyrənən, xalqları əmin-amanlıq dostluğuna çağıran, neçə-neçə millətlərin ziyalıları ilə dostluq edən, dünya ədəbiyyatı nəhənglərinin (Firdovsi, Şekspir, Svift, Puşkin, Lermontov, Krılov, Nekrasov və b.) inci nümunələrini dilimizə çevirən ilklərdən olacaq, dilimizin fonetika, morfologiya, sintaksis və üslubiyyat məsələlərinə dair tutarlı elmi məqalələr yazacaqdı. 
   Bunların bir neçəsindən əvvəl, Vətənini Şərqin ilk azad cümhuriyyəti kimi görüb, yazmışdı: “Sevin, sevin, ana Vətən... Artıq oldun Azad-Vətən!” 
   Dövrün “hadisəçilər”i sayılan “mollanəsrəddinçilər”i qəlbən hörmət-izzətlə qəbul etsə də, hər sözündə-söhbətində, publisistik məqalələrində füyuzatçılığı o çağ üçün daha münasib sayan Abdulla Şaiq Azərbaycan Xalq Cümhuriyyətini bütün qəlbilə qarşılayıb, alqışlayırdı. Azərbaycan müəllimlərinin I, II qurultaylarının hazırlanmasında komissiya üzvü kimi böyük iş görmüş, vaxtilə “Uşaq çeşməyi”, “Uşaq gözlüyü” (1907, 1909), “Gülzar” (1912) və başqa yeni tipli dərsliklər yaratmış bu “mahiyyəti-Müəllim” əsl azadlıq carçısı kimi, Cümhuriyyət dövründə daha böyük eşqlə çalışır, “Azərbaycan” qəzetində məktəblərin milliləşdirilməsi məsələsilə bağlı ardıcıl çıxışlar edir. Həmin dövrdə hazırladığı “Milli qiraət”, “Ədəbiyyat dərsləri”, “Türk çələngi” (1919), “Türk ədəbiyyatı” (1920) dərsliklərindən Azərbaycan gəncliyinin böyük bir nəsli faydalanır, “Yeni ay doğarkən”, “Vətənin yanıq səsi”, “Arazdan Turana” silsilə əsərlərilə poeziyamıza yeni ab-hava gətirir. 1919-cu ildə yaradılmış Bakı Dövlət Universitetinin (BDU) necə böyük ümummilli hadisə və mənəvi sərvət olmasını kütlə beyninə də layiqincə çatdırmaqçün səhnəyə “Tələbə həyatı” adlı maraqlı bir dram əsəri çıxarır. 
   Əslində, sırf ədəbi-bədii əsərlər yaratmaq üçün doğulmuş Şaiqi bu kimi sahələrdə fəaliyyətə sövq edən, bütün sənət sənətkarlarının qidalandığı “iç cövhəri” - millilik “sənət”i idi. Axı, azman keçənəklərlə süslü, həmin yüzilliyə yaxın və sonrakı dönəmlərdəsə, az qala, başdan-başa öygüsüz öyrənciyə, tələbsiz tələbəyə çevrilmiş bu millətə Şaiq kimi intibahçı müəllimlər gərək idi!.. 
   O, “Məktub yetişmədi”, “Köç”, “Daşqın”, “İntiharmı, yaşamaqmı”, “Göbələk”, “İblisin hüzurunda”, “Dursun” kimi bir çox qüvvətli hekayə, povest, romanlar da yazıb, “Hürriyyət pərisi”, “XX əsrə xitab”, “Niyə uçdu”, “Bir quş” kimi gözəl poeziya nümunələri yaradıb, təkrarsız tərcümələr edib. Lakin, yenə də, onun ən böyük əsəri mübariz maarifçiliyi, milli ağsaqqallıq-müəllimliyi idi...
   Və sonda -
   
   Bir haşiyə 
   
   Belə ki, maraqlıdır, bunca milli-ictimai, xəlqi-maarifi fəaliyyət göstərmiş, dövrün məcburi internasionalizm çağırışlarına deyil, yalnız mənsub olduğu millətin özgür oyanış-yüksəlişinə işləyən ədəbi-bədii nümunələr yaratmış, dünənki milli hakimiyyətə ürəkdən xidmət və aşiqlik etmiş bu fədakarı, nədən sonrakı “partiya və hökumət” öz “vraqnarod” dəftərinə salıb məhv etməmişdir? Şaiqşünaslıq nümunələrində, digər tədqiqat və oçerklərdə bunun ciddi bir “çünki”silə rastlaşmadığımdan, belə bir “ona görə” ehtimalındayam ki, görünür, öz qələm, düşüncə və təşəbbüslərilə bərabər, hər müsahibini, nəticə etibarilə xalqı oyadan nurlu, sadədən sadə, aydından aydın çöhrəsi dövrün mürəkkəb və qaranlıq simasızlarını belə ovsunlayıb, qəzəblərini çaş-baş salırmış. Bu məqamda müasir şairlərimizdən birinin (Vahid Əziz) iki misrasını da sözümə qüvvət gətirim: “Tütək neyləyibsə, canavarı da - sürüdən uzaqda yuxu tutubdur”...
   
   Tahir Abbaslı