Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) humanitar və ictimai elmlər bölmələrinin birgə iclasında Prezident İlham Əliyevin sərəncamlarından irəli gələn vəzifələr müzakirə olunub.
   AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli çıxışında Azərbaycanda humanitar və ictimai elmlər sahəsində keçirilən islahatlardan danışaraq bu sahələrin yüksək dövlət qayğısı ilə əhatə olunduğunu bildirib. Akademik “İslam həmrəyliyi ili”, Molla Pənah Vaqifin anadan olmasının 300 illiyi və V Beynəlxalq Azərbaycan xalçası simpoziumunun keçirilməsi haqqında Prezident sərəncamlarının əhəmiyyətini vurğulayıb, beynəlxalq konfransların keçirilməsi, kitab və məqalələrin nəşri, uşaq və yeniyetmələr üçün islam ensiklopediyasının hazırlanması, sərgilərin təşkili ilə əlaqədar alimlərin qarşısında duran vəzifələrdən danışıb.
   Sonra AMEA-nın humanitar və ictimai elmlər bölmələrini əhatə edən elmi-tədqiqat institutlarının və muzeylərin rəhbərləri planlaşdırılan elmi konfrans və sessiyalar, sərgilər barədə təkliflərini veriblər.
   Tədbirdə uşaq və yeniyetmələr üçün nəzərdə tutulan islam ensiklopediyasının nəşrini təmin etmək məqsədilə akademik İsa Həbibbəylinin rəhbərliyi altında müvafiq komissiya və işçi qrupu yaradılıb.
   Müəyyən olunmuş tədbirlər planlarında nəzərdə tutulan işlərin yüksək elmi-təşkilati səviyyədə həyata keçirilməsi üçün tanınmış alimlərlə yanaşı, gənc elmi qüvvələrin də imkanlarından istifadə edilməsinin önəmi vurğulanıb.