Dövlət başçısı tərəfindən bununla bağlı aidiyyəti orqanlara tapşırıq verilib
   
   Bakı şəhərində yol təmir-tikinti işləri ilə bağlı şair Mikayıl Müşfiqin abidəsinin aidiyyəti qurumlara bildirilmədən sökülməsi faktı ciddi araşdırılacaq və günahkarlar cəzalandırılacaq. 
   Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan ədəbiyyatının parlaq nümayəndələrindən olan Mikayıl Müşfiqin abidəsinin sökülməsindən ciddi narahat olub. Dövlətimizin başçısı məsələnin hərtərəfli araşdırılması və günahkarların cəzalandırılması ilə bağlı aidiyyəti orqanlara tapşırıq verib.
   Əli Həsənov bildirib ki, cənab İlham Əliyevin prezidentliyi dövründə onlarla tarixi və mədəniyyət abidəsi əsaslı şəkildə bərpa olunub, Azərbaycanın Qara Qarayev, Fikrət Əmirov, Niyazi, Bülbül, Rəşid Behbudov və digər tanınmış şəxsiyyətlərinə abidələr ucaldılıb. Cənab Prezident tarixi əhəmiyyət kəsb edən tikililərin, mədəniyyət abidələrinin qanunvericiliyə uyğun şəkildə aidiyyəti dövlət orqanları ilə razılaşdırmadan, icazəsiz sökülməsini yolverilməz hesab edir və bundan sonra da belə əməlləri törədənlər ciddi şəkildə cəzalandırılacaqlar.
   Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev jurnalistlərə açıqlamasında baş vermiş hadisəyə münasibət bildirib. Nazir deyib ki, məsələdən xəbərdar olan kimi dərhal müvafiq tapşırıqlar verdik. Bu, tam məsuliyyətsiz yanaşma, mövcud qanunlara hörmətsizlik deməkdir.
   “Müşfiqin heykəli Azərbaycanın dövlət əhəmiyyətli abidələri siyahısındadır. Ona görə də abidənin götürülməsi mütləq müvafiq dövlət orqanları ilə razılaşdırılmalı idi. Artıq “Azəravtoyol"un rəhbərliyi ilə ciddi söhbət aparmışıq. Bütün bərpa işləri onların hesabına aparılacaq. Bu işi görən adamlar məsuliyyətə cəlb olunmalıdır. Biz ictimaiyyəti əmin etmək istəyirik ki, bütün proseslərə ciddi nəzarət edirik. Müşfiqin heykəli mütləq bərpa olunacaq”, - deyə nazir əlavə edib.