Fevralın 27-də mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva Avropa İttifaqının “Mədəniyyət və yaradıcılıq”proqramının koordinatorları Tim Vilyams, Raqnar Siil, Simon Ellis ilə görüşüb. Görüşdə Britaniya Şurasının (British Council) Azərbaycan üzrə ofisinin əməkdaşları Dilarə İbrahimova, Sevinc Ağazadə (proqramın yerli koordinatoru) və ekspert Cahangir Səlimxanov iştirak edib.   
   Britaniya Şurası 2015-ci ilin aprel ayından etibarən Avropa İttifaqının (Aİ) “Mədəniyyət və yaradıcılıq” proqramını idarə edir. Proqram Aİ tərəfindən Azərbaycan və “Şərq tərəfdaşlığı”na daxil digər beş ölkənin humanitar, sosial və iqtisadi inkişafı üçün mədəniyyət və yaradıcılıq sektorlarına dəstək vermək məqsədilə yaradılıb.
   Görüş zamanı “Mədəni inkişafa dair göstəricilər toplusu” (Culture İndicators) layihəsi müzakirə edilib. Layihə UNESCO tərəfindən tərtib edilib və ölkədə mədəniyyət sahəsinin inkişafının ölçülməsi və planlaşdırılması üçün çox əlverişlidir. 
   Nazir müavini həm Avropa İttifaqı, həm də Britaniya Şurası ilə əməkdaşlığın ölkəmiz üçün böyük əhəmiyyət daşıdığını bildirib, nümunə olaraq Britaniya Şurasının təşkil etdiyi “Teatr HD” layihəsinin Bakıda çox maraqla qarşılandığını deyib. Sevda Məmmədəliyeva eləcə də Aİ tərəfindən maliyyələşdirilən mədəniyyət sahəsinin idarəetmə sisteminin inkişafına yönəlmiş Tvinninq layihəsini xüsusilə qeyd edib.
   Görüş zamanı “Mədəniyyət və yaradıcılıq” proqramı çərçivəsində həyata keçirilməsi planlaşdırılan digər layihələr barədə müzakirə aparılıb.
   Sonda nazir müavini qeyd olunan sahələrdə əməkdaşlıq imkanının yaranmasından məmnunluğunu bildirib və görüş iştirakçılarını 5-6 may tarixində Bakıda keçiriləcək IV Dünya Mədəniyyətlərarası Dialoq Forumuna dəvət edib.