Soyqırımının ildönümünə həsr olunan ədəbi-bədii kompozisiya və sərgi
   
   Yol həmişə mədəniyyətə, firavan həyata aparan məfhum sayılıb. Övladlarımıza, sevdiklərimizə “yolun açıq olsun” alqışını etmişik... O gecə isə yollar sonsuzluğa, faciəyə, qan-qadaya aparırdı. O müdhiş gecə insanlar son ümidlərini yola bağlasalar da, bu yol onları işığa aparmadı. Əksinə, ölümə, cəhənnəm əzabına tuş gətirdi. Həmin gecə yola çıxan Xocalı sakinləri insanlıq hissini itirən bədxah düşmənin zülmünə ürcah oldu...
   Fevralın 24-də Xəzər rayonu Buzovna qəsəbəsindəki 4 saylı Uşaq incəsənət məktəbi və Suraxanı rayonu 3 saylı Uşaq incəsənət məktəbinin birgə təşkilatçılığı ilə Xocalı soyqırımının 25-ci ildönümünə həsr edilmiş “Sonu olmayan yol” adlı ədəbi-bədii kompozisiya və sərgi təqdim olundu. 
   Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsi və paytaxtda fəaliyyət göstərən uşaq musiqi məktəblərinin rəhbərlərinin iştirak etdiyi tədbirdə qonaqlar ilk olaraq hər iki məktəbin rəssamlıq şöbəsi şagirdlərinin Xocalı faciəsinə həsr etdikləri əl işlərindən ibarət sərgi ilə tanış oldular. Sərgidə azyaşlıların Xocalı faciəsinə baxışları və tarixin qan yaddaşına yazılan günün Azərbaycanın sabahı olan gənclərdə yaratdığı hislər öz əksini tapmışdı. 
   Tədbir Xocalı faciəsinin əks olunduğu sənədli kadrların nümayişi və “Şüştər” muğamının sədaları ilə başlandı. Məktəbin skripkaçılar ansamblı və solist Məhəmmədəli Paşazadənin (klarnet) ifasında Eldar Mansurovun “Karvan” əsəri sanki o gecənin müdhiş anlarını tarixin 25 illik məsafəsindən bizə bir addım da yaxınlaşdırırdı... 
   Musiqi nömrələri və faciə haqqında məlumatlar bir-birini əvəz etdikcə zalda quraşdırılmış ekranda Şuşa, Xocalı, Cəbrayıl və digər işğal altında olan torpaqların keçmiş görüntüləri, Qarabağın çal-çağırlı günlərini özündə əks etdirən videomateriallar nümayiş olunurdu. 
   Məktəbin şagirdi Ülfət Niftiyevanın ifasında Faiq Sücəddinovun “Vətən balladası” ilə davam edən gecədə monitorda Xocalı şəhidləri ilə yanaşı, Lələtəpə uğrunda döyüşlərdə şəhid olan oğullarımız və yüksəklikdə dalğalanan Azərbaycan bayrağı tədbir iştirakçılarına duyğulu anlar yaşadırdı. 
   Tədbirin sonunda çıxış edən məktəblərin direktorları Dəyanət Quliyev və Səadət Eminova, Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin Musiqi təhsili və incəsənət sektorunun müdiri Bətulə Məmmədəliyeva Xocalı qətliamının ağrılı statistikasını diqqətə çatdırdılar. Bildirildi ki, faciə zamanı 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib, 63 uşaq qətlə yetirilib, 73 uşaq isə yaralanıb. Xocalı soyqırımı zamanı ümumilikdə 613 nəfər günahsız insan amansızlıqla qətlə yetirilib. 
   Vurğulandı ki, qəlbində vətən sevgisi olan hər bir azərbaycanlı ermənilərin xalqımıza qarşı törətdiyi bu vəhşiliyi dünyaya yaymağa çalışır. 25 il ərzində incəsənət və mədəniyyət sahəsində çalışan insanlar da bu istiqamətdə əllərindən gələni əsirgəməyiblər. Xocalı faciəsinə həsr edilən sənədli və bədii filmlər çəkilir, musiqi əsərləri yazılır, təsviri sənət örnəkləri yaradılır.
   Anım gecəsində məktəbin şagirdlərinin ifasında Azərbaycan və dünya bəstəkarlarının əsərləri, eləcə də muğamlarımız səsləndirildi.
   
   Lalə Azəri