Berlin Humboldt Universitetində Azərbaycan tarixi kafedrasının, “EuroKaukAsia” cəmiyyətinin, Şərqi Avropa üzrə Alman Mədəniyyət Forumunun təşkilatçılığı və Almaniya Xarici İşlər Nazirliyinin dəstəyi ilə reallaşan “Almanların Vürtemberq və Qafqaz arasında vətən axtarışı” fotosərgisinin açılışına həsr olunan tədbir keçirilib.
   Tədbiri açan Azərbaycan tarixi kafedrasının müdiri, “EuroKaukAsia” cəmiyyətinin sədri, professor Eva-Maria Aux sərgi barədə məlumat verib. Bildirib ki, XIX əsrdə Azərbaycanda və Gürcüstanda məskunlaşmış almanların iqtisadi, mədəni və məişət həyatını, onların yerli əhali ilə münasibətlərini əks etdirən fotoşəkillərdən ibarət sərgi martın 19-dək Berlin Humboldt Universitetində, daha sonra Almaniyanın bir sıra başqa şəhərlərində, ardınca Bakıda, Göygöldə, eləcə də Gürcüstanda və Ukraynada nümayiş olunacaq.
   Professor Qabriele Metsler universitetdə Azərbaycan tarixi kafedrasının fəaliyyət göstərməsinin Azərbaycanın tarixi və mədəniyyətinin alman gəncləri arasında tanıdılması, eləcə də Azərbaycan dilinin tədrisi baxımından əhəmiyyətini vurğulayıb.
   Almaniya Xarici İşlər Nazirliyinin xarici elm, təhsil, tədqiqat və mədəniyyət siyasəti üzrə xüsusi nümayəndəsi, Almaniyanın ölkəmizdəki keçmiş səfiri Haydrun Tempel çıxış edərək Azərbaycanda diplomatik fəaliyyəti zamanı onda yaranmış təəssüratlarını bölüşüb, ölkəmizdə alman irsinin qorunmasına dair faktları təqdim edib. O, ölkəmizdə almanlara qarşı tolerant münasibətin mövcud olduğunu, Azərbaycan Demokratik Respublikasında alman icmasının öz deputatı ilə təmsil olunduğunu bildirib.
   Azərbaycanın Almaniyadakı səfirliyinin müşaviri Almaz Məmmədov 2017-ci ilin iki dövlət arasında diplomatik münasibətlərin 25 illiyi və Azərbaycanda alman məskənlərinin 200 illiyi ilə yadda qalacağını vurğulayıb. Cənubi Qafqaz regionunda alman məskənlərinin salınmasının 200 illiyi haqqında Azərbaycan Prezidenti tərəfindən sərəncam imzalandığını deyən diplomat alman irsinin dövlət səviyyəsində qorunmasının ikitərəfli münasibətlər üçün möhkəm əsas yaratdığını bildirib.