Rəsm müsabiqəsinin yekun sərgisi keçirilib
   
   Fevralın 24-də Xətai Sənət Mərkəzində Xocalı soyqırımının 25-ci ildönümünə həsr olunmuş “Şəhid şəhər” uşaq rəsm sərgisinin açılışı keçirildi. 
   Sərginin təşkilatçıları Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Dövlət Rəsm Qalereyası, Xətai Rayon İcra Hakimiyyəti və Xətai Sənət Mərkəzidir. 
   Mərkəzin rəhbəri Zahid Əvəzov tədbiri açaraq bildirdi ki, sərginin əsas məqsədi Azərbaycan tarixinə ən dəhşətli və faciəvi səhifələrdən biri kimi daxil olmuş Xocalı soyqırımı qurbanlarının xatirəsini yad etmək, istedadlı uşaqların faciənin mahiyyətini necə təsəvvür etdiklərini rəsm əsərləri vasitəsilə nümayiş etdirməkdir. 
   Mədəniyyət və Turizm Nazirliyinin Təsviri və dekorativ sənət sektorunun müdiri Qalib Qasımov tarixin ən dəhşətli faciələrindən olan Xocalı soyqırımının təsviri sənətdə ifadəsinin əhəmiyyətindən bəhs etdi. O, uşaqların və gənc nəslin tariximizin bu səhifəsi haqqında dərin biliyə sahib olmalarını və qırğını bədii şəkildə ifadə edə bilmələrini yüksək dəyərləndirdi. 
   Sənətşünas Samir Sadıqov sərgiyə təqdim olunan rəsm işlərinin bədii keyfiyyətindən söz açdı, iştirakçılara uğurlar dilədi. 
   Xətai Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov hər il ölkəmizdə ənənəvi olaraq keçirilən Xocalı şəhidlərini anma tədbirlərindən və bu tədbirlər vasitəsilə faciələrimizdən dərs aldığımızı söylədi. 
   Açılışdan sonra sərgi iştirakçılarına diplomlar verildi. 
   Bildirək ki, Xocalı soyqırımının 25-ci ildönümü münasibətilə keçirilən respublika uşaq rəsm müsabiqəsində Tofiq İsmayılov adına Uşaq Gənclər Yaradıcılıq Sarayı, Lənkəran şəhəri Əsəd Əsədli adına Rəssamlıq Məktəbi, Günəşli qəsəbəsi Əlifba Tədris Mərkəzi və Xətai Uşaq Rəsm Yaradıcılıq Studiyası ayrıca fəallıq göstərib, eləcə də Gəncədən, Ucardan və Bakının müxtəlif məktəblərindən 300-dən çox uşaq 400-ə yaxın əl işi ilə tədbirə qatılıb. Sərgidə 110 uşağın 118 rəsmi nümayiş olunub. 
   
   S.Qaliboğlu