Kişinyov dayanacağı 
   
   Diqqətli oxucularımızın yəqin yadında olar. Yanvar ayının sonunda Britaniya Şurası (British Council), Soros Fondu və Avropa İttifaqının «Şərq Tərəfdaşlığı» proqramının birgə təşkilatçılığı ilə 6 postsovet ölkəsinin mədəniyyətdən yazan jurnalistləri üçün “Mədəniyyət və kreativlik” (“Culture &Creativity”) treninqlərinə start verildi. Həmin treninqlərin ilk dayanacağı olan Tbilisidə eşitdiyimizi, öyrəndiklərimizi, ünsiyyətimizin maraqlı məqamlarını oxucularımızla bölüşmüşdük. Bu dəfə yolumuz daha uzağa, Moldova Respublikasının paytaxtı Kişinyov şəhərinə idi.
   
   Fevralın 23-24-dək Moldovanın paytaxtı Kişinyov şəhərində Azərbaycan, Gürcüstan, Ermənistan, Moldova, Belarus və Ukraynanın mədəniyyət jurnalistikasının 18 təmsilçisi yenidən bir araya gəldi. “Kouç”larımız (təlimçilərimiz) da həmənkilər idi: Böyük Britaniyadan tanınmış jurnalist-tənqidçi, ədəbiyyat üzrə Nobel mükafatçıları ilə silsilə müsahibələri ilə daha çox yadda qalmış Maya Caggi və Ukraynadan mədəniyyət tənqidçisi, jurnalist, iqtisadi keçid dövrünü yaşayan ölkələrdə mədəniyyət və incəsənət məsələləri üzrə ixtisaslaşmış analitik Katerina Botanova. 
   Təbii ki, artıq ikinci dəfə eyni masa arxasında əyləşib tapşırıq yerinə yetirməyimiz, müzakirələr aparmağımız, üstəlik, ilk məşğələlərimizdən keçən bir ay ərzində virtual ünsiyyətimiz (təbii ki, hamı ilə yox) fərqli ölkələri təmsil edən həmkarlarımızla münasibətimizə təsirsiz ötüşməmişdi. Digər tərəfdən, daha rahat uçuş vaxtı seçməyimiz, təşkilatçılarımızın da bizim asudə vaxtımızı mənalandırmaq çabaları öz bəhrəsini verdi. Biz Kişinyovda nəinki darıxmadıq, həm də ilk dəfə gəldiyimiz bu şəhərə alışdıq, onu sevdik də! 
   * * * 
   Budəfəki seminarlarımızın mövzusu bir qədər fərqlənirdi. Əgər birinci mərhələdəki seminarlarda mədəniyyətin əhəmiyyəti və mədəniyyət jurnalistikasının rolu barədə müzakirələr aparmışdıqsa, ikinci mərhələdəki ilk məşğələmizin mövzusu artıq janr baxımından yalnız jurnalistikaya aid idi. İlk baxışda düşünmək olar ki, müsahibə janrına həsr olunmuş bir yazının yalnız bu işin peşəkarlarına dəxli ola bilər. Amma nəzərə alsaq ki, qəzetimizin oxucularının yarısı təkcə müsahibələri oxuyanlar yox, həm də ən çox və daha tez-tez müsahibə verən yaradıcı insanlardır, bu barədə geniş kütlə üçün danışmağa dəyər. Axı, müsahibə də bir növ üçbucağı xatırladır: müsahib-jurnalist-oxucu üçbucağında hər kəs ortaya çıxacaq məhsulun keyfiyyətli olmasını arzulayır. Jurnalist maraqlı, öz aləmində yaddaqalan suallar vermək istəyir. Müsahib daha ağıllı, daha istedadlı, daha yaddaqalan olmaqda maraqlıdır. Oxucu da hər müsahibədə təzə nəsə öyrənmək, eşitmək istəyir. Sevgi üçbucağından fərqli olaraq, bu üçbucaq mütləq bərabəryanlı olmalıdır ki, kimsənin könlü inciməsin. 
   Təəssüf ki, bizim kütləvi informasiya vasitələrinin hazırkı durumunda bəlkə də ən acınacaqlı hal elə mədəniyyət jurnalistikasındakı müsahibələr ilə yaranır: ötəri, ucuz sensasiyaya hesablanmış suallar, reklam, piar niyyətli cavablar və bunun nəticəsi olaraq da mütaliə zövqü korlandığından sənətdən daha çox sənətçinin özü ilə maraqlanmağa başlayan oxucu istəyi. Bu maraq isə həndəsi silsilə şəklində artaraq elə birinci ikiliyi incidir, onları gözdən salır: intellektli, sənəti düşünən oxucu daha həmin mətbuat orqanından perik düşür, qeybət səviyyəsindəki söhbəti sənət hesab edən kütlə isə artıq nə «qeybəti» danışanı, nə də danışdıranı ciddi qəbul edir. Bizim çağdaş mətbuatda yayıldığı kimi əksər hallarda «müsahibimiz filankəsdir» kimi ildırım sürətli girişlə başlayan, yalnız «soruşdum - cavab aldım, bu da oldu müsahibə» Avropa peşəkar jurnalistikası baxımından heç də əsl müsahibə sayılmır. 
   Seminarın birinci günündə bu ən populyar jurnalistika janrına həsr olunmuş treninqdə kouçlarımız Maya və Yekaterina ilə həm mətbuata o qədər də açıq olmayan məşhur, həm də müsahibə verməyə həvəslə razılaşan sözün gerçək mənasında dünya şöhrətli insanlar ilə - yazıçı Orxan Pamukdan rejissor Kriştoff Zanussiyədək - müxtəlif müsahibələrin mətnləri üzərində işləməyi, bu söhbətləri təhlil etmək çox xoş idi. Maraqlı bir məqam onda idi ki, Maya «İndependent» qəzeti üçün Orxan Pamukdan müsahibə almaqdan ötrü İstanbula getmişdi, az qala ildə bir dəfə Ukraynaya gələn Zanussinin hər gəlişində onunla müsahibə tələb edən redaktorun tapşırığı ilə eyni jurnalist böyük rejissorla məhz Ukrayna barədə, ukraynalı oxucunu maraqlandıracaq, həm də əvvəlki görüşlərində danışdıqlarına bənzəməyəcək söhbət etməli olmuşdu. Sırf peşəkarlıq baxımından yanaşsaq, çox qəliz situasiyadır. İngilisdilli oxucu türk yazıçısını bu müsahibə ilə qəbul etməlidir, polyak rejissor ilə növbəti müsahibə ukraynalı oxucunun gözünə sataşanda elə ilk cümlədən maraqlandırmalıdır. Həqiqətən də maraqlı məqam idi və müsahibədə hansı məqamlara diqqət yetirmək, jurnalistin öz «mən»ini qabartmasının peşə etikasına nə qədər uyğun gəlməsi barədə fikir mübadiləsindən hətta təcrübəli jurnalistlərin də bəhrələnməsi mümkün idi. 
   * * * 
   İkinci gün (24 fevral) seminarımız artıq praktik çalışmalar üzərində yox, «Mədəniyyət və böhrana dair tematik tədqiqatlar. Mədəniyyət və miqrasiya» məsələsinin çözülməsi üzərində qurulmuşdu. Düzü, Azərbaycan nümayəndə heyətinin üzvü olaraq hələ Bakıda ikən özümü hazırlamışdım ki, üzdəniraq qonşularımız əsasən Yaxın Şərqdən Avropaya üz tutan qaçqınların həyatının yeni cəmiyyətin kultural təməlinə gətirdiyi düzəliş, dil, inanc fərqliliyi problemi, üstəlik, miqrant bolluğuna görə Şərqi Avropa ölkələrinin turizm ilə bağlı itkiləri aradan qaldırmaq üçün incəsənətin nələr edə biləcəyi barədə müzakirənin axarını dəyişməyə cəhd göstərsələr, indiyədək çəkilmiş filmlər, hazırlanan tamaşalar barədə biz də öz sözümüzü deyək. Təbii ki, belə olduqda sırf mədəniyyət mövzusu siyasi dartışma müstəvisinə keçəcəkdi. Bunu nəzərə alan kouçlar bizi mövzunun qoyduğu çərçivədən çıxmağa qoymadılar və... seminarımızın ikinci mərhələsi də insidentsiz ötüşdü. 
   * * * 
   Orta statistik Azərbaycan vətəndaşı üçün Moldova, Kişinyov bir növ Şərqi Avropa ekzotikasıdır. Yəni yalnız iş birliyi səbəbilə, bir də çox ölkələri gəzmiş, ya da Moldova mədəniyyətinə, tarixinə xüsusi həvəs göstərənlər «gedək, oraları da görək» niyyəti ilə bu ölkəyə səfər edərlər. Odur ki, moldavları və Moldovanı görüb hiss etdiyimiz, eşitdiyimiz kimi sizlərə çatdırmaq üçün növbəti yazımızı yalnız təəssürat və faktlar üzərində quracağıq... 
    
   Gülcahan Mirməmməd 
   Bakı-Kişinyov-Bakı