Bakı Caz Festivalı “European Jazz Network” (“Avropa Caz Şəbəkəsi”) təşkilatına üzv olub. Bu barədə təşkilatın rəsmi saytında məlumat yayılıb. 
   “Avropa Caz Şəbəkəsi” dünya musiqi sənayesinin caz sektorunun peşəkar assosiasiyasıdır. Təşkilatın 34 ölkədən 115 üzvü var. Şəbəkənin Baş Assambleyası Avropa ölkələrindən birində keçirilir. Burada şəbəkənin gələcək strategiyası müzakirə edilir, habelə üzvlər tədbirə ev sahibliyi edən ölkənin caz həyatı ilə yaxından tanış olurlar.
   Ölkəmizdə cazın zəngin tarixi var. Ötən əsrin ortalarında Tofiq Quliyev, Niyazi, Tofiq Əhmədovun rəhbərliyi altında ölkəmizdə caz kollektivləri fəaliyyət göstərib. Azərbaycanın adı caz musiqi aləmində Vaqif Mustafazadə və Rafiq Babayevin adları ilə çox məşhurlaşıb. Bakı SSRİ məkanında ən qabaqcıl caz məkanlarından sayılıb. 
   Son illər Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Mədəniyyət Fondunun birgə təşkilatçılığı ilə keçirilən Bakı Beynəlxalq Caz Festivalı artıq ənənəyə çevrilib və dünyanın məşhur caz ifaçıları arasında şöhrət qazanıb.