Tamaşa balacaların sevimlisi, Əməkdar artist Rəhman Rəhmanovun 60 illiyinə bir töhfədir
   
   Son vaxtlar təkcə balaca teatrsevərləri deyil, həm də yetkin yaşlı tamaşaçıları da unutmayan A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı 2017-ci ildə ilk premyerasını uşaqlar üçün nəzərdə tutub. Kollektiv məşhur «Pişiyin evi» əsərini tamaşaya hazırlayır. Rus şairi və yazıçısı Samuil Marşakın bu əsəri çoxdan dünya uşaq ədəbiyyatının klassik nümunəsinə çevrilib, bu nağıl əsasında çəkilmiş cizgi filmlərini seyr edən ilk nəsil isə artıq nənə-baba yaşındadır.    
   Səhnədə məşq gedir. Dekorasiyalar tam hazırdır. Teatrın baş rəssamı İqbal Əliyev dekorasiyaları asan işçilərə göstəriş verir. Səhnə rampasının ölçüləri əsərin baş qəhrəmanı - nazlı anqor Pişiyin evini, onun dostlarının məskənlərini bir növ 3D formatında göstərməyə vadar edir. Amma boyaların şuxluğu, səhnənin dərinliyinə hesablanmış bədii quruluş tamaşanın diqqətçəkən olacağından xəbər verir. Gənc rejissor Anar Məmmədovun quruluş verdiyi bu tamaşa həm də teatrın aparıcı aktyoru, balacaların sevimlisi, respublikanın Əməkdar artisti Rəhman Rəhmanovun 60 illik yubileyinə bir töhfədir. Aktyor bu tamaşada həm Nağılçı, həm də Vasili pişik rolunda çıxış edir. 
   Yeri gəlmişkən, tamaşa bizim alışdığımız, yalnız şirma arxasında kuklaların oynadılması ilə qurulan tamaşa olmayacaq. Canlı planda aktyor oyunu da nəzərdə tutulub. 
   Əslində məşq zamanı aktyorlar - Cəmilə Allahverdiyeva, Rəhilə İbadova, Cavid Telman, Aygül Ağayeva, Samirə Nəcəfova və Vüsal Hüseynovun hələlik səhnə qiyafəsində keçməyən məşqinə baxanda inanmaq istəmirsən ki, bu aktyorlar alleqorik bir tamaşada yox, elə kukla tamaşasında çıxış edəcəklər. 
   Quruluşçu rejissor arada məşqə fasilə verir, biz də onunla ayaqüstü söhbətləşirik. Deyir ki, əsərin ideyası uşaqlara əsl dostun pis gündə tanınması ideyasını çatdırmaqdır. 
   - Samuil Marşakın bu əsəri alleqoriyadır. O, sadəcə, insanların rastlaşdığı hadisələri heyvanların həyatına köçürüb. Bu hadisələr isə bütün dövrlərdə və bütün cəmiyyətlərdə aktualdır. Müəllif uşaqlara öyrətmək istəyir ki, baş qəhrəman Pişik xanım kimi kimsəyə yuxarıdan aşağı baxmaq düzgün deyil. 
   - «Pişiyin evi»nin cizgi filmi variantında çox gözəl mahnılar var ki, onlar hətta musiqi məktəblərinin tədris proqramına da salınıb. Tamaşada hansı musiqilərdən istifadə edilib? 
   - Tamaşaya Əməkdar incəsənət xadimi Cahangir Zülfüqarov musiqi yazıb. Dekorasiya da artıq hazırdır. Novruz bayramı ərəfəsində tamaşanı təhvil verməliyik. Çalışırıq ki, «Pişiyin evi» uşaqların bəyənəcəyi bir tamaşa olsun. 
   * * *
   Məşq davam edir. Aktrisa Cəmilə Allahverdiyeva baş qəhrəmanın obrazına necə daxil olubsa, qrimsiz-geyimsiz əsl nazlı Pişikdir ki, qarşımızda durub. Vasili pişik - Rəhman Rəhmanov isə öz gözəl xanımına əsl sədaqət nümayiş etdirərək, onunla birlikdə Keçinin, Xoruzun qapısını döyür. Təcrübəli aktrisa Rəhilə İbadovanın oynadığı Keçi isə nəinki balacaların, elə böyüklərin baxıb tanımalı olduğu bir obrazdır. Çünki ətrafımızda belə personajlar az deyil. 
   O ki qaldı digər rolların ifaçılarına, gəlin, tələsməyək. Axı, «Pişiyin evi» hazır olanda gedib tamaşa edəcəyik. Qoy premyeraya da söz qalsın. 
   
   G.Mirməmməd