Martın 10-da Sankt-Peterburq Dövlət Akademik Mariinsk Teatrının Primorsk səhnəsində Pyotr Çaykovskinin “Şelkunçik” baleti nümayiş etdiriləcək.
   AZƏRTAC teatrın saytına istinadla xəbər verir ki, səhnə əsərində quruluşçu xoreoqraf və işıq üzrə rəssam azərbaycanlı balet ustası Eldar Əliyevdir. Onun librettosu əsasında nümayiş olunacaq balet Marius Petipanın (1818-1910) orijinal ssenarisinə əsaslanır.
   E.Əliyev Bakı Xoreoqrafiya Məktəbini bitirib, 1979-1992-ci illərdə Peterburq teatrının aparıcı solisti olub. Sonralar ABŞ-ın "Ballet Internationale" truppasına rəhbərlik edib, beynəlxalq balet müsabiqələrinin münsiflər heyətinə daxildir. 2016-cı ildə Rusiya Dövlət Akademik Mariinsk Teatrının Primorsk səhnəsinin baş baletmeysteri təyin edilib.