Rusiyanın tanınmış teatr rəssamı, sənətşünas Aleksandr Vasilyev bir qrup tələbəsi ilə fevralın 23-dən 28-dək Bakıda səfərdə olub. “Aleksandr Vasilyevin ziyarət məktəbi” layihəsi əsasında reallaşan səfər çərçivəsində qonaq həm özü şəhəri gəzib, həm də tələbələrini tarixi memarlıq nümunələri, Bakının mədəni irsi, incəsənət məkanları ilə yaxından tanış edib. 
   Milli İncəsənət Muzeyi, Heydər Əliyev Mərkəzi, İçərişəhər, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı və digər məkanları ziyarət edən rəssam səfərdən zəngin təəssürat aldığını bildirib. 
   Qeyd edək ki, Rusiya Rəssamlıq Akademiyasının fəxri üzvü, səhnə tərtibatçısı, kolleksiyaçı, bir neçə kitabın müəllifi olan Aleksandr Vasilyevin atası Rusiyanın Xalq rəssamı, 300-dən artıq tamaşanın geyim rəssamı, anası isə teatr aktrisası olub.
   23 tələbəsi ilə birlikdə Azərbaycan Milli İncəsənət Muzeyini ziyarət edən Aleksandr Vasilyev burada heç bir eksponatı nəzərdən qaçırmayıb. Əslində, bu ziyarətdə ona heç bir bələdçi lazım deyildi. O, geniş ensiklopedik biliyi və yaddaşı ilə incəsənət tarixinin istənilən mərhələsini dolğun şəkildə şərh edir. Muzeydə olduğu 3 saat müddətində hər bir əsər, onun müəllifi, tarixi mərhələsi haqqında tələbələrini özü məlumatlandırır, onların suallarını cavablandırırdı. 
   Muzeyin “Fransız zalı” onda xüsusilə böyük maraq yaratdı. Fransız incəsənətinin bilicisi kimi buradakı eksponatları şərh edir, müəlliflər haqqında bilgilərini bölüşürdü. Muzeydə qorunan imperatriçə Mariyanın portretinin Azərbaycana necə gəlib çıxmasının tarixini isə həm onu izləyənlərə, həm də tələbələrinə izah etməkdən zövq aldı. 
   Azərbaycan milli geyimləri nümayiş olunan vitrinin qarşısında ayaq saxlayan sənətşünas mədəniyyətimizə sevgisini bəyan edərək, bu geyimlərin hansı parçadan, hansı saplarla tikildiyindən söz açdı. “Bakı, Azərbaycan mənim çox xoşuma gəlir”,- deyən qonaq milli mətbəx nümunəmiz qutabın hazırlandığı məkana baş çəkəcəklərini də vurğuladı.
   Vasilyev bildirir ki, bu, onun Bakıya dördüncü səfəridir: “İlk dəfə burada 60-cı illərdə uşaq yaşlarımda olmuşam. Atam görkəmli Azərbaycan rəssamı Tahir Salahovla dost idi. Həmin gəlişimdə onun bağında olduq. Unudulmaz uşaqlıq xatirələrim, Abşeron bağı və dəniz yaddaşımdan silinməyib. Sonuncu dəfə 2012-ci ildə gəldim Bakıya. Biz layihəmiz çərçivəsində dünyanın bir çox şəhərlərində olmuşuq. Getdiyimiz ölkələrin mədəniyyəti, dəb dünyası ilə yaxından tanış oluruq. Rusiyanın və dünyanın müxtəlif şəhərlərində mütəmadi olaraq dəb dünyası tarixindən seminarlar, ustad dərsləri keçirəm. Yəqin ki, Bakıda da öz moda kolleksiyamın nümayişini həyata keçirmək imkanım olacaq”. 
   Sonra qonaq moda dünyası və interyer tarixinə aid kitablarından bir neçəsini muzeyə hədiyyə edib. 
   Səfər çərçivəsində Xalça Muzeyi, Qobustan Milli tarixi-bədii qoruğu, “Yanardağ” Tarix-mədəniyyət və təbiət qoruğu, Rostropoviçlərin ev-muzeyində də olan Aleksandr Vasilyev bütün təəssüratlarını öz Instagram səhifəsində bölüşüb və yenidən Bakıya qayıdacağını vurğulayıb. 
   Nəzərə çatdıraq ki, tanınmış sənətşünas eyni zamanda onlayn kurslar da həyata keçirir. Onun mühazirələrini dünyanın istənilən nöqtəsindən dinləmək mümkündür. O, öz məktəbinə hər kəsi dəvət edir və burada dəb dünyasında baş verən yeniliklər, tarixini öyrənmək istəyənlərə tam rahat şərait yaradıb. İncəsənət tarixinin bir çox sirləri məhz bu mühazirələrdə dinləyicilərə açıq şəkildə aydın olur. 
   
   Lalə Azəri