Azərbaycan Dövlət Uşaq Filarmoniyasının tərkibində fəaliyyət göstərən Musiqili uşaq teatrı martın 4-də Şarl Perronun “Qırmızıpapaq” nağılı ilə öz tamaşaçılarının görüşünə gəldi.
   “Megafun” əyləncə mərkəzinin “Modern” teatrında baş tutan tamaşa quruluşçu rejissor Elşad Rəhimzadənin maraqlı yozumunda təqdim olundu. Tamaşada milli yanaşma elementləri də yer almışdı. Dovşan obrazında istifadə olunan kəlağayı və “Ay lolo” xalq mahnısının ifası buna nümunədir. Personajların geyimi və qrimləri, oyunu, rəqslər bir-birini tamamlayırdı. Balaca aktyorlar öz rollarını böyük həvəslə ifa etdilər.
   Səhnə tərtibatı Dilarə Əliyevaya məxsus olan tamaşanın dekorasiyasında təbii odun və ağacdan istifadə olunması da diqqətçəkən məqamlardan biri idi.