Bərdə Regional Mədəniyyət və Turizm İdarəsinin Tərtər rayon üzrə nümayəndəliyinin təşkilatçılığı ilə Azərbaycanın Milli Qəhrəmanı Elman Süleyman oğlu Hüseynovun 65 illik yubileyi ilə əlaqədar anım tədbiri keçirilib. İştirakçılar əvvəlcə Elman Hüseynovun adını daşıyan küçədə büstü önünə tər çiçəklər qoyublar.
   Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov çıxış edərək Milli Qəhrəmanın rəhbərlik etdiyi Tərtər batalyonunun döyüş yolundan danışıb.
   Qarabağ müharibəsi veteranları şurasının sədri N.Heydərov, Milli Qəhrəmanın döyüş yoldaşı Suliddin Yusibov, iş və tələbə yoldaşı Ə.Əliyev çıxış ediblər.
   Elman Hüseynovun Qarabağ müharibəsi başlayanda könüllü olaraq döyüşlərə qoşulmasından, Tərtər batalyonunu yaradaraq erməni işğalçılarına qarşı döyüşlərdə fəal iştirakından söz açılıb.
   Rayon Mədəniyyət mərkəzinin bədii qiraət dərnəyinin üzvləri vətənpərvər ruhda şeirlər səsləndiriblər. Milli Qəhrəmanın ailəsi adından oğlu Emin Hüseynov çıxış edərək yubiley tədbirinin təşkilinə görə təşəkkürünü bildirib.
   * * *
   Mədəniyyət və Turizm Nazirliyi və Tərtər Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayon Mədəniyyət mərkəzində Qarabağ müharibəsi zamanı Tərtər batalyonunun keçdiyi şərəfli döyüş yolundan bəhs edən, “Yaddaş” studiyasında çəkilmiş “Batalyon” sənədli filminin təqdimatı olub.
   Tədbiri nazirliyin Kinematoqrafiya şöbəsinin əməkdaşı Almaz Sultanzadə açaraq, torpaqlarımızın müdafiəsinə qalxmış qəhrəmanlarımız haqqında yetmişdən çox sənədli filmin ərsəyə gətirildiyini, bu filmlərin vaxtaşırı olaraq ölkənin müxtəlif bölgələrində nümayiş olunduğunu deyib.
   Filmin nümayişindən sonra ekran əsərinin rejissoru, Əməkdar incəsənət xadimi Nizami Abbas, Tərtər batalyonunun sabiq komandirlərindən olan Pənah Məmmədov batalyonun göstərdiyi qəhrəmanlıqlar və filmlə bağlı təəssüratlarını bölüşüblər.
   Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov bu cür filmlərin ərsəyə gətirilməsinə görə Mədəniyyət və Turizm Nazirliyinə, tədbirin təşkilatçılarına və iştirakçılarına təşəkkürünü bildirib.
   Azərbaycan Silahlı Qüvvələrinin Tərtər rayonunda yerləşən N saylı hərbi hissəsində də “Batalyon” sənədli filminin nümayişi keçirilib.