Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının “Mədəniyyət” kanalı ilə birgə layihəsi çərçivəsində “Sənət ocağı” adlı konsert təşkil olunub.
   Konsertdə ifaçıları Azərbaycan Milli Konservatoriyasının xalq çalğı alətləri orkestri müşayiət edib.
   Musiqi proqramı Üzeyir Hacıbəylinin xalq çalğı alətləri orkestri üçün yazdığı “Cəngi” əsərinin ifası ilə başlayıb.
   Sonra Xalq artisti Alim Qasımovun özünəməxsus ifasında “Kor ərəbin mahnısı” aramlılığı, ağır tempi ilə tamaşaçını Fikrət Əmirov musiqisinin sehrinə salıb.
   Gecədə xalq artistləri Mənsum İbrahimov, Nəzakət Teymurova, Azər Zeynalov, Aygün Bayramova, əməkdar artistlər Bəyimxanım Vəliyeva, Aygün Zeynalova, Lalə Məmmədova və başqalarının ifasında xalq və bəstəkar mahnıları səsləndirilib.