Azərbaycanın Dostları Assosiasiyası və Arkaşon şəhəri meriyasının təşkilatçılığı, Azərbaycanın Fransadakı səfirliyinin dəstəyi ilə iki ölkə arasındakı diplomatik əlaqələrin 25 illiyi və Novruz bayramı münasibətilə silsilə tədbirlər keçirilib.
   Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyovun Arkaşon şəhərinin deputat-meri İv Fulon ilə görüşündə iki ölkə arasındakı münasibətlərdən danışılıb. Səfir Fransanın 10-dan çox şəhəri ilə imzalanmış qardaşlaşma və əməkdaşlıq xartiyası haqqında məlumat verib. İ.Fulon ölkəmizə səfərini xatırlayaraq təəssüratlarını bölüşüb. Gələcəkdə Azərbaycan şəhəri ilə qardaşlaşma imkanları müzakirə olunub.
   Görüşdən sonra şəhərin Konqres Sarayında Azərbaycanla bağlı konfrans keçirilib. Konfransda səfir Elçin Əmirbəyov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən, torpaqlarımızın işğal olunmasından, Azərbaycanın təşəbbüsçüsü olduğu böyük regional layihələrdən, turizm imkanlarından söz açıb. Fransa ilə mövcud iqtisadi əməkdaşlıqdan danışan diplomat Azərbaycanın mədəniyyətlər və dinlərarası platformaya çevrildiyini, bir çox beynəlxalq tədbirlərə ev sahibliyi etdiyini vurğulayıb. Səfir Heydər Əliyev Fondunun Fransada həyata keçirdiyi bərpa işlərindən danışıb. 
   Azərbaycan-Fransa diplomatik əlaqələrinin 25 illiyi və Novruz bayramı münasibətilə silsilə tədbirlər Ruayan şəhərində davam etdirilib. Burada Azərbaycanla bağlı filmin təqdimatı olub.
   Təqdimatdan sonra səfir Elçin Əmirbəyov Novruz bayramının tarixi barədə məlumat verib, iki ölkə arasında müxtəlif sahələrdə əlaqələrin inkişafından danışıb.
   Hər iki şəhərdə keçirilən tədbirlərdə Bakı Xoreoqrafiya Akademiyasının “Bakı ulduzları” rəqs ansamblı konsert proqramı ilə çıxış edib. Gənc rəqqaslarımızın ifaları alqışlarla qarşılanıb.