Martın 9-da Sankt-Peterburq Dövlət Akademik Mariinsk Teatrında ingilis xoreoqrafı Ueyn Makqreqorun “İnfra” baleti nümayiş olunacaq. Səhnə əsərində Timur Əsgərov da çıxış edəcək. Bu baletin dünya premyerası 2008-ci il noyabrın 13-də London Kral Opera Teatrında olub. Tamaşa Sankt-Peterburq teatrında ilk dəfə 2014-cü ildə nümayiş etdirilib.
   T.Əsgərov 2008-ci ildə Bakı Xoreoqrafiya Akademiyasını bitirib, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında, Ukrayna Milli Akademik Opera və Balet Teatrında çalışıb. O, 2011-ci ildən Mariinsk Teatrının truppasında fəaliyyət göstərir. Truppa ilə birlikdə bir çox ölkələrdə qastrolda olub. Gənc balet artisti 2015-ci ildə Rusiya Böyük Teatrının səhnəsində görkəmli Azərbaycan bəstəkarı Arif Məlikovun “Məhəbbət əfsanəsi” baletində Fərhadın partiyasını oynayıb. 
   Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 1 fevral tarixli sərəncamı ilə T.Əsgərov gənclər üçün Prezident mükafatına layiq görülüb.