Martın 4-də Ruhulla Axundov adına Buzovna qəsəbə Mədəniyyət evində Azərbaycan Yazıçılar Birliyinin Xəzər bölməsinin açılış mərasimi keçirilib. 
   Tədbirdə çıxış edən AYB-nin yaradıcılıq məsələləri üzrə katibi İlqar Fəhmi deyib ki, bölmənin açılmasında əsas məqsəd Bakı və Bakı ətrafı qəsəbələrdə fəaliyyət göstərən şair və yazarları bir araya gətirmək və onlar arasında ünsiyyəti möhkəmləndirməkdir. Qeyd olunub ki, AYB-nin 17 bölməsi fəaliyyət göstərir. Bunların sırasına yerli regional bölmələrlə yanaşı Moskva və İsraildə fəaliyyət göstərən filiallar da daxildir. Qurumun katibi yazarlara şərait yaratdığına görə Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinə təşəkkürünü bildirib.
   AYB-nin müşaviri Rauf Aslanov birliyin sədri, Xalq yazıçısı Anarın adından yeni yaradılan bölmənin işinə uğurlar arzulayıb. 
   Xəzər Rayon İcra hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gülbala Qurbanov bölmənin yaradılmasını təqdirəlayiq hal kimi dəyərləndirib və qeyd edib ki, vaxtilə rayon ərazisində fəaliyyət göstərən Yazıçılar evi Azərbaycan ədəbiyyatında sanballı əsərlərin yaranmasına təsir göstərib. Xəzərin sahili yazıb-yaratmaq üçün həmişə bir mənbə rolunu oynayıb və bu doğmalıq davam edəcək. 
   Yazıçılar Soltan Əlizadə, Kənan Hacı, şairə Gülarə Munis və digərləri bildiriblər ki, Azərbaycan ədəbiyyatı ədəbi tariximizin bizə bir əmanətidir. Xəzər bölməsi bu əmanəti layiqincə qoruyaraq gələcək nəsillərə ötürməyə çalışacaq. Sonda şair Arif Buzovnalı Xəzər bölməsinin sədri seçilib. 
   
   Lalə Azəri