Novruzun - baharın müjdəçiləri olan dörd ilaxır çərşənbədən üçüncüsü - Yel çərşənbəsi yurdumuza qədəm qoydu. Yel çərşənbəsi günündə əsən isti külək yazın gəlişindən xəbər verir. İnanclara görə, bu çərşənbədə oyanan yel, külək oyanmış suyu, odu hərəkətə gətirir. Şifahi xalq yaradıcılığında yelin Tanrı olması ilə bağlı müxtəlif nəğmə, əfsanə, rəvayət, mif, inanc, məsəl və s. yaranıb. 
   Yel Azərbaycan mifik təfəkküründə yol göstərən, bələdçi rolunu da yerinə yetirir. Yel baba qalın meşələrdə azıb mənzilini tapmaqda çətinlik çəkən xeyirxah insanların qarşısına çıxır, onlara bir yumaq verir. Yel babanın üfürməsi ilə yumaq açılır və azmışları mənzil başına çatdırır. Yel baba haqqındakı bu təsəvvür sonralar Fatma nənənin yumağı şəklində nağıllara keçib.
   Ulularımız deyirlər ki, “Yel əsdirəni söyməzlər”. Çünki onun arxasında Tanrı durur. Bir inancda isə deyilir ki, Yel çərşənbəsi girən gün söyüd ağacının altına gedib niyyət elə və Yel babanı çağır. Əgər Yel baba sənin səsini eşidib söyüdün budaqlarını torpağa toxundursa diləyin yerinə yetər.
   Yel çərşənbəsindən başlayaraq axır çərşənbə üçün hazırlıq görürlər. Ev əşyaları təmizlənir, xalça-palaz çırpılır, yorğan-döşək havaya verilir. Qız-gəlinlər qoz-fındığı ləpələyib şirniyyat tədarükü görürlər. Novruza bir çərşənbə qaldı - Torpaq çərşənbəsi.